10 Yanvar 2024 11:49
Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlarından sonra əksinə depozit faizlərində artım müşahidə olunmaqdadır”.
Metbuat.az xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov deyib.
İqtisadçı bildirib ki, əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri indi 8.0-9.5 faiz arasında dəyişir:
“2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı 2 dəfə qərar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında əlavə 0.5 faizlik azalmaya getdi. Adətən, Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir.
Depozitlər üzrə ödənilən faiz dərəcələrinin artırılması əmanətçilərin gəlirlərinin çoxalması baxımından müsbət olsa belə unutmaq lazım deyil ki, bu banklarda daha bahalı borclanma və təbii ki, daha yüksək kredit faizlərinə səbəb olur. Kredit faizlərinin yüksəlməsi ehtimalı isə heç bir halda arzuolunan deyil”.
V. Bayramovun sözlərinə görə, depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib:
“Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bildi və bu da banklarda əlavə vəsaitlərə tələb yaratdı. Bununla belə, banklardan kənardakı nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv kampaniyalara sövq edir.
Bu arada, Mərkəzi Bankın notları üzrə son faiz dərəcəsində də azalma qeydə alınmaqdadır. Göründüyü kimi, Mərkəzi Bankın “faiz azalma siyasəti“ hələlik banklarda “faiz artımı strategiyası” ilə müşahidə olunur”.