METBUAT.AZ

Siyasət

"Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur" -

25 Yanvar 2024 14:01

“AŞPA üzvlərinin bir çoxu Ermənistanı haqlı olduğuna görə deyil, məhz xristian ölkəsi olduğuna görə dəstəklədiklərini heç də gizlətmir və əksinə öz çıxışlarında bunu açıqca vurğulayırlar”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavanşir Feyziyev deyib. Millət vəkili belə bir şəraitdə Azərbaycan nümayəndə heyətinin qəbul etdiyi qərarı yeganə düzgün və ləyaqətli qərar hesab edir:

“Azərbaycanla bağlı məsələ səsverməyə çıxarılmadan öncə nümayəndə heyətimiz AŞPA-nın ölkəmizə qarşı haqsız demarşına cavab bəyanatı səsləndirərək AŞPA binasını tərk ediblər. Bəyanatda ölkəmizə qarşı açıq-aşkar qərəzli ksenofob münasibətə etiraz ifadə olunur və Azərbaycan nümayəndə heyətinin öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığı bəyan olunur.

AŞPA Nizamnaməsinə görə 46 ölkənin deputatlarından təşkil olunmuş bu qurum Avropa Şurasına üzv olan ölkələrdə insan hüquqlarının qorunması, demokratiyanın təşviqi və qanunun aliliyinin təmin edilməsi kimi məsələləri monitorinq etməlidir. Xüsusilə təşkilata üzv dövlətlərin ərazisində baş verən münaqişələrin aradan qaldırılması üçün tərəflər arasında mövqelərin yaxınlaşmasına və konsensus tapılmasına cəhd göstərməlidir. Üzv olduğumuz digər beynəlxalq təşkilatlarla yanaşı AŞPA-da gözləntilərimiz Azərbaycan torpaqlarının işğal faktının rəsmən tanınması və işğala son qoyulması üçün təcavüzkar dövlətə təzyiq göstərilməsindən ibarət idi. Lakin gözləntilərimizin əksinə olaraq Ermənistan–Azərbaycan münaqişəsinin davam etdiyi 35 il ərzində AŞPA bütün hüquqları vəhşicəsinə pozulmuş bir milyon Azərbaycanlının hüquqlarının müdafiəsi üçün bir qərar belə qəbul etməyib”.

Cavanşir Feyziyev deyib ki, 20 ildən çox AŞPA-da fəaliyyətimiz bu qurumun əsl məqsəd və məramını anlamaq üçün kifayətdir:

“Bu müddət ərzində Ermənistanın işğalçılıq siyasətini pisləyən, Ermənistanda 1998-ci ildə parlamentin və 2013-cü ildə dinc nümayişçilərin gülləbaran edilməsi heç müzakirəyə belə çıxarılmadı. Ermənistanda başdan ayağa korrupsiyaya uğramış, vətəndaşları və dövlət büdcəsini qarət edən və hər cür insan haqlarını tapdalayan Koçaryan – Sarkisyan hakimiyyətinə qarşı heç bir ittiham irəli sürülmədi. Azərbaycan nümayəndə heyətinin bu məsələlərlə bağlı irəli sürdüyü müzakirə təşəbbüslərinin qarşısı dərhal alındı. Azərbaycan həqiqətlərinin geniş Avropa auditoriyasına çatdırılması üçün göstərilən bütün səylər və təşəbbüslər aparıcı dövlətlərin deputatları tərəfindən bloklandı. 20 illik fəaliyyətimiz AŞPA-nın Avropanın aparıcı dövlətləri tərəfindən öz maraqlarını təmin etmək üçün bir alət kimi istifadə edildiyini üzə çıxardı”.

Fransa, Almaniya, ABŞ kimi dövlətlərin regionda müstəqil siyasətini aparmağa çalışan Azərbaycana qarşı mexanizmlərini işə salmağa çalışdıqlarını ifadə edən millət vəkili qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılması cəhdləri də bu ssenarinin bir hissəsidir:

“AŞPA-nın yürütdüyü siyasət Azərbaycanın öz milli ma­raqları çərçivəsində aparmağa çalışdığı siyasətlə uzlaşmır, əksinə toqquşur. Azərbaycan işğaldan azad etdiyi torpaqlar üzərində suverenliyini tam təmin etdikdən sonra AŞPA-ya heç bir ehtiyacı yoxdur. Dünyada 200-ə yaxın müstəqil dövlət var və onlardan yalnız 46-sı bu qurumun üzvüdür. Belə olan haldaindi belə bir sual var: AŞPA Azərbaycana lazımdırmı?”,- sitatın sonu.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.