29 Yanvar 2024 12:04
Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı artıb.
Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat veriblər. Bildirilib ki, hazırda respublikada 100 yaşdan yuxarı 1021 nəfər yaşayır. Onlardan 381 nəfəri kişilər, 640 nəfəri isə qadınlardır.
Statistikaya əsasən, 2022-ci ildə Azərbaycanda 100 yaşdan yuxarı əhalinin sayı 897 nəfər qeydə alınıb. Bunlardan 287 nəfəri kişilər, 610 nəfəri qadınlar olub. 100 yaşdan yuxarı əhalinin statistik göstəriciləri 2021-ci ildə 229 nəfər kişi, 548 nəfər qadın olmaqla 777 nəfər qeydə alınıb.
Hesablamalara əsasən, 2050-ci ildə 65 yaş və həmin yaş üzərində olan şəxslərin əhali tərkibində xüsusi çəkisi 17,8 faizə yüksələcək. Əgər 2021-də bu göstərici 7,5 faiz idi, 2023-cü ilin son rübündə bu rəqəm 8,5 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı məlumata görə, Azərbaycanın ən yaşlı pensiyaçısının 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı olduğu qeyd edilib.
Ağdaş rayonun Hapıtlı kənd sakini 1900-cü il təvəllüdlü Bari Şamı qızı Nəbiyeva da uzunömürlülər siyahısında ikinci yerdə qərarlaşıb. 124 yaşlı uzunömürlünün üç oğlan və beş qız olmaqla səkkiz övladı, 30-dan çox nəvəsi var.
Azərbaycanın hazırda ən yaşlı kişi pensiyaçısının 104 yaşı var. Tovuz rayonunun Ağdam kənd sakini olan Fərrux Səməd oğlu Hacıyev 01.01.1920-ci ildəndir.
Qeyd edək ki, Fərrux Hacıyevin 6 nəvəsi, 5 nəticəsi var.
Gülbəniz Hüseynli / Metbuat.az