31 Yanvar 2024 10:04
Azərbaycanın tanınmış sənətçilərindən biri, zərb alətləri ustası Eldar Qafarov bu gecə dünyasını dəyişib.
Metbuat.az milli.az-a istinadən xəbər verir ki, o, xroniki şəkərli diabet, böyrək yetmezliği və hipertoniya xəstəsi idi.
69 yaşlı Eldar Əliabbas oğlu Qafarov Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyasının) məzunu idi. O, zərb alətləri ixtisası üzrə professor Həsən Rzayevin sinfində təhsil alıb.
1983-cü ildə Yuli Qusmanın teatrında, 1984 - 1989-cu illərdə Rəşid Behbudov adına Mahnı və Rəqs Teatrında, 1990 - 2000 illərdə isə Xalq artisti Zeynəb Xanlarovanın kollektivində fəaliyyət göstərib.
Müxtəlif illərdə Ramiz Mirişli, Emin Sabitoğlu, Faiq Sücaəddinov, Brilyant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Akif Süleymanbəyli, İlqar Muradov, İlqar Xəyal kimi sənətkarlarla əməkdaşlıq edib.
Salman Qəmbərovun "Bakustik Jazz" və "Lətif" layihələrinin iştirakçısı olub.
Almaniya, Fransa, İsveçrə, Monqolustan, Argentina, Avstriya, Ukraynada keçirilən musiqi festivallarında iştirak edib.
Son vaxtlar AzTV-nin estrada ansamblının üzvü və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi idi.