METBUAT.AZ

Siyasət

Bakıda CANSO-nun himayəsi altında

24 Yanvar 2024 15:50

23-25 yanvar tarixlərində Bakıda CANSO-nun himayəsi altında Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.

Metbuat.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə təşkilatçılığı ilə baş tutur.

CANSO aeronaviqasiya xidməti təminatçılarını birləşdirən beynəlxalq təşkilatdır. Azərbaycan 2005-ci ildən bu təşkilatın üzvüdür.

Yanvarın 24-də keçirilən görüşdə CANSO-nun baş direktoru Saymon Hokard, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Enver İskurt, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini icra edən Samir Rzayev, həmçinin aviasiya qurumları və aeronaviqasiya xidmətlərinin rəhbərləri çıxış ediblər.

Sammitdə regionda hava hərəkətinin inkişafı və idarə olunması məsələləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq uçuşların təhlükəsizliyinə və birgə fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş müvafiq qərarlar qəbul edilib.

Aeronaviqasiya xidməti təminatçıları aviasiya sənayesinin əsas iştirakçılarıdır. Onlar uçuşların təhlükəsizliyinin təmin edilməsinə, regionda hava nəqliyyatı dəhlizlərinin inkişafına və ölkələrin hava məkanı vasitəsilə tranzit axınının təşkilinə görə cavabdehdir. Həmçinin provayderlər qlobal aviadaşımalar zəncirinin təmin edilməsi, uçuşların səmərəliliyinin artırılması, davamlı inkişaf konsepsiyasının dəstəklənməsi və ətraf mühitə təsirin azaldılmasına şərait yaradır.

Sammit proqramı çərçivəsində iştirakçıların “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) fəaliyyəti, o cümlədən yeni texnologiyalar və regionda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi tədbirləri ilə tanışlığı nəzərdə tutulub.

Qeyd edək ki, digər ölkələrin aviaşirkətləri yüksək keyfiyyətli xidmət və Avropa ilə Asiya arasında mühüm hava marşrutlarının kəsişməsi səbəbindən Azərbaycanın hava məkanına böyük maraq göstərir. Belə ki, ölkə ərazisi üzərindən tranzit uçuşların sayı orta hesabla ayda 15 min təşkil edərək sürətlə artmağa davam edir.


metbuat.az.