METBUAT.AZ

Müsahibə

“Bakının sovet dövründə hazırlanmış planında rayonlardan qeydiyyata adam götürmürdülər” -

8 Yanvar 2024 15:35

Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, Honnover Akademiyasının akademiki, Roma şəhərinin fəxri alimi, respublikamızda bir çox maraqlı layihələrin müəllifi, memar Cahid Həsənov Metbuat.az-a Bakı şəhərinin Baş Planı ilə bağlı müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Cahid müəllim, müstəqillik illərindən öncə Bakının Baş Planı hansı amillərə əsasən hazırlanmışdı?

Öncədən bildirim ki, Bakı kimi böyük meqopolis şəhərin Baş Planının hazırlanması bundan sonrakı dövrdə memarlıq və şəhərsalmanın paytaxtın xəritəsi rolunda dirijorluq edəcəyi fikrini yaradır. Təsdiq edilən Baş Plan Sovetlər Birliyi dövründə işlənilmiş baş planlardan fərqliliyi ilə seçilir. Qeyd edim ki, həmin illərdə təsdiq olunmuş Baş Planda əhali sayı birinci amil götürülürdü.

O planda bir ölkədən digər ölkəyə şirkətlərin, insanların inteqrasiyası, yaşaması kimi amillər nəzərə alınmamışdı. Hətta regionlardan, rayon və şəhərlərdən Bakıya qeydiyyata insanları almırdılar. Sovet dövründə Baş Plan bu kimi məqamları əsas götürərək və ona uyğun şəhərsalma prosesi davam etdirilirdi.

- Ötən illərə nəzərən hazırda vəziyyət heç də ürəkaçan deyil. Cahid müəllim 18 il gecikmədən sonra təsdiqlənən Baş Plan Bakıya nə verəcək?

Müstəqilliyimiz əldə olunduqdan sonra çox bəsit şəkildə işlənmiş Bakının Baş Planı böyük kütlədə insanların bu şəhərə yığışmasına səbəb olmaqla bərabər paytaxtda birdən-birə təlatüm, sıxlıq yaratdı.

Nəticədə Bakıda binalar bir-birinə bitişik tikildi. Orada yaşayan insanlar isə havalandırmanın zəif olmasına görə hətta günəş ışığına belə həsrət qaldılar. Binaların yerləşdiyi həyətyanı sahədə kiçik ərazi, yaşıllıq zolaqlarının olmaması oksigen qıtlığı yaradır. Qəza olan zaman həmin əraziyə əlaqədar xilasetmə nəqliyyat vasitələrinin giriş- çıxışının qarşısının alındı. Bütün bu sadaladığım problemlər hamısı birmənalı olaraq yeni Baş Planda əksini tapıb.

- Siz də təsdiq edərsiniz ki, hazırda Bakının “nəqliyyat sıxlığı dərdi” burada yaşayan əhalini ciddi narahat edir. Yeni Baş Plan bu sahədəki problemlərə çarə ola biləcəkmi?

Əlbəttə, hər il həm əhali, həm də nəqliyyat vasitələrinin sayı artmaqda davam edir. Sovetlər Birliyi dövründə hər yüz ailədən bəlkə birində maşın var idi. İndi hər ailədə, hətta bir deyil, iki maşın var. Bununla bərabər şəhərdə şütüyən iritutumlu nəqliyyat vasitələri də var. Bunların hamısı yeni Baş Planda nəzərə alınıb.

Xüsusilə şəhərsalma memarları tərəfindən hazırlanmış bu Baş Planda şəhərin sıxlığını seyrəkləşdirəcək dərəcədə effektiv rol oynayacaq qanunlar öz əksini tapıb.

Təsəvvür edir, 20-25 il əvvəl Bakıda insanların daha çox gəldiyi Fəvvarələr meydanı, “Bulvar” istirahət məkanı sayılırdı. İllər keçdikcə Xəzər dənizi sahilində istirahət komplekslərinin seyrəngahların, yaşıllıq zolaqları və müxtəlif parkların salınması nəticəsində sıxlıq bir qədər azalaraq həmin istiqamətlərə doğru yayılmağa başladı. Artıq o ərazilərdə yaşayanlar gəzinti üçün yaxın olan park və istirahət məkanlarına üz tutmağa başladılar.

Əgər bir yaşıllıq zolağı, park salınıb, inzibati bina da inşa olunursa, təbii olaraq ətrafında da artıq özəl sektor inkişaf etməyə başladı. Həmin ərazilər artıq Bakının ikinci, üçüncü, dördüncü mərkəzi ərazilərə çevrilib. Yeni Baş Planda da bu məsələlərə kifayət qədər yer verilib.

- Bakının yeni Baş Planı həyata keçiriləcəyi təqdirdə şəhərin tarixi memarlıq infrastrukturuna necə təsir edəcəkdir?

Bu yeni Baş Planda sadaladığımız həmin mərkəz ərazilərdən şəhərin birinci mərkəz ərazisinə gedib qayıtmaq məsafəsi 30-40 kilometrə qədər hədd kimi qoyulub. Burada söhbət parklara baş çəkməkdən getmir. Gündəlik inzibati binalara, dövlət qurumları, bütövlükdə vacib olan bütün infrastruktur ünvanlarına gedib geri qayıtmaq rahat olacaq.

Əgər bir ərazidə universitet inşa olunacaqsa, sıxlıq nəzərə alınaraq o ərazidə onun yataqxanası və digər vacib olan binalar da tikiləcək. Yəni orada təhsil alan tələbə ehtiyac yaranarsa öz ərazisində olan vacib inzibati binalara yönələcək, daha şəhərin bir başından digər başına getməyəcək. Bütün bunlar özəl sektorun inkişafına stimuldur. Təbii ki, bu amillərin əsas məqsəd bilindiyi Baş Plan reallaşdıqca şəhərdə sıxlıq azalacaq, tıxaclar minimuma düşəcək. Belə mini ərazilərin qurulması hazırkı mərkəzi ərazilərin boşalmasına və əhalinin rifahına da müsbət təsir edəcəkdir.

Bu şəhərin mərkəzində tarixi memarlıq abidələrimizin nəyinki qarşısını kəsmək hətta buna cəhd faktlarını da sıfıra endirəcəkdir.

Müsahibə üçün təşəkkür edirik.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə dərc olunub.


metbuat.az.