19 Yanvar 2024 14:00
Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Uqandanın Kampala şəhərində keçirilən 19-cu Zirvə görüşü çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Musa Zameer ilə görüşüb.
Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.
Maldiv xarici işlər naziri ölkəmizi Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə təbriklərini çatdırıb, troyka üzvü kimi Azərbaycanın Hərəkatın daha da güclənməsi üçün səylərini əsirgəməyəcəyinə əmin olduğunu bildirib. Ölkələrimiz arasında turizm, hava nəqliyyatı, təhsil, və digər humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərfli və regional məsələlər müzakirə olunub.