31 Yanvar 2024 12:38
Son zamanlar ölkəmizdə dəm qazından zəhərlənənlərin və ölənlərin sayı getdikcə artır.
Dəm qazından zəhərlənmənin insan üçün çox ciddi fəsadları var və bu cür zəhərlənmələrin ən təhlükəli tərəfi insanın dəm qazı sızmasını hiss etməməsi və asanlıqla huşunu itirməsidir.
Özümüzü bu bəladan necə qoruyaq?
Mövzu ilə bağlı Metbuat.az-a danısan təhlükəsizlik üzrə ekspert bildirib ki, yanma prosesi düzgün getmədikdə dəm qazı əmələ gəlir. Əgər yanma prosesi düzgün gedərsə, onda dəm qazı əmələ gəlmir.
"Ümumiyyətlə evdə qaz təchizatı varsa, artıq təhlükənin olması deməkdir. Mütləq qaz təchizatının, qaz avadanlıqlarının, cihazlarının təhlükəsizlik istismarı lazımdır. Ona görə mütləq əməl etməli olduğumuz təhlükəsizlik qaydaları var ki, onlara ciddi riayət etməliyik. Evdə qaz cihazı olan otaqda mütləq havalandırma, nəfəslik və vintelyasiya sistemi olmalıdır".
E.Nurəliyev yanma prosesinin nə zaman düzgün getmədiyi haqda danışarkən bildirib ki, qaz cihazlarına kənar müdaxilələr olarsa, qaz cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa, onda dəm qazı əmələ gəlir.
"Bəzən çox balaca otaqlarda həm qaz sobası quraşdırılır, həm su qızdırıcısı quraşdırılır. Və ya otağa qazın çəkilməsi rezin borularla çəkilir, bu da qəbul edilməzdir. Qaz təchizatı hansı otaq üçün nəzərdə tutulubsa, həmin otağa metal borularla getməlidir. Hamam otaqlarının daha təhlükəsiz cihazlarla təmin etməliyik. Qaz cihazı quraşdırılıbsa mütləq orda da havalandırma nəfəslik, olmalıdır. Qapının aşağısında xırda dəliklər olmalıdır. Bəzən elə hamam otaqları olur ki çox balaca olur amma ora "petminutka" deyilən qızdırıcılar qoyulur. Mütləq evlərdə həm dəm qazı əleyhinə həm də qaz sızması əleyhinə dedektorların olması təmin edilməlidir".
Seyranə Quliyeva / Metbuat.az