METBUAT.AZ

Gündəm

Etibarnamə ilə torpaq alanların nəzərinə:

18 Yanvar 2024 12:38

“Torpağın və yə hər hansı bir əmlakın satılması yalnız notarius qaydasında aparılmalıdır. Etibarnamə ilə alqı-satqı deyilən anlayış yoxdur”.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri Notariat idarəsinin rəisi Mirağa Abbasov deyib.

Ekspert bildirib ki, etibarnamə edilən şəxs həmin əmlakı yalnız ona etibarnaməni verən şəxsin adına sənədləşdirə bilər:

“Bu halda torpaq və onun üzərindəki tikili də birinci şəxsin adına rəsmiləşdirilir. Bu problem ilə bağlı notariuslara edilən şikayətlər çox olur. Belə alqı-satqı ancaq həmin daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınıb ona sənəd verilənə qədər mümkün olur. Əmlak üzərində sərəncam hüququnun yarandığı an şəxs etibarnamə ilə alqı-satqı üçün müraciət edərsə proses etibar edənin adından aparılmalıdır. Həmin əmlakın dəyəri də satıcıya notariusun depozit hesabı vasitəsi ilə ödənməlidir.

Ona görə də hər hansı bir əmlak almaq istəyən şəxs öncədən onu satan şəxsdən qanunvericiliyə uyğun olaraq çıxarışın hazırlanması barədə istəyini bildirməlidir. Daha sonra notarial qaydada alqı-satqı əməliyyatlarının aparılması üçün müraciət edə bilərlər”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.