18 Yanvar 2024 23:16
“Müqavilənin olmaması həm ev sahibinin, həm də kirayəçilərin hüquqları baxımından risk yaradır”.
Metbuat.az xəbər verir ki, bu fikirləri yenisabah.az-a “Azərbaycan Rieltorlar Assosiasiyası”nın direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.
O bildirib ki, ölkədə evi olmayan minlərlə insan var və onlar adətən başqasının evində kirayəçi kimi yaşayırlar.
“Azərbaycanda stabil kirayə bazarının formalaşdığını deyə bilərik. Amma bu bazarda sövdələşmələrin demək olar ki, hamısı xaotik formada - şifahi razılıq əsında baş tutur. Yəni, evini kirayəyə verən və kirayəyə ev götürən şəxslər bir qayda olaraq müqavilə bağlamırlar”.
Ekspert qeyd edib ki, bizim cəmiyyətdə hüquqi xidmətlərdən istifadə etməklə bağlı təcrübə azdır.
“Biz hələ də sovet hökumətinin qalıqlarıyıq və hüquqi xidmətlərdən istifadə etmir, buna vəsait ayırmırıq. Ona görə də bizi addımbaşı aldadırlar, özümüz də qanunları bilmirik. Ev sahibləri düşünür ki, mən müqavilə imzalasam, vergi ödəyəcəyəm və qazancımı itirəcəyəm. Bizdə hələ də bu stereotip hökm sürür.
Xaricdə isə belə deyil. İnsanlar daşınmaz əmlakla bağlı məsələlərdə kifayət qədər əliaçıq olurlar, risklərdən qaçmaq üçün bu işi peşəkar əmlakçılara həvalə edirlər. Həmin əmlak şirkətlərinin çoxunun hüquqşünasları olur və hazır müqaviləni, kompleks xidmətləri hazırlayırlar, evə müştəri də tapırlar.
Bizdə isə insanların ağlına gəlmir ki, hər hansı əhd bağlayanda, danışıqlara gedəndə özü ilə hüquqşünas aparsın”.
E.Azadovun sözlərinə görə, ev sahibi müqavilə bağladıqda vergi məbləği heç də düşünüldüyü kimi böyük olmur.
“Vergi məbləği 14 faiz təşkil edir. Hər 100 manata 14 manat vergi ödənməlidir, bu isə çox böyük məbləğ deyil.
Bəzi vətəndaşlar primitiv müqavilə imzalayırlar. Bunu əmlakçılar edirlər, sadə bir vərəqə ünvanı, ev yiyəsinin ad, soyadını, kirayəşinin ad, soyadını və kirayə məbləği yazırlar. Bu “sənəd”in hüquqi tərəfi yoxdur, çünki notariusda qeydiyyatdan keçmir. Lakin hər hansı məsələ məhkəmə predmeti olarsa, sübut olaraq keçərli olur.
Qanunla müqavilə bağlanmalıdır, çünki qanunlarımızda qeyd olunur ki, Azərbaycan vətəndaşı istənilən gəlirdən vergi ödəməlidir. Hər hansı formada qazanc əldə etmisənsə, o qazancdan vergi ödəməlisən. Bu qanunvericilikdə nəzərdə tutulub”.
Məsələ ilə bağlı danışan hüquqşünas Ələsgər Əhmədoğlu isə qeyd edib ki, ev sahibləri vergidən yayınmaq üçün rəsmi müqavilə bağlamaqdan boyun qaçırırlar:
“Evini kirayə verən şəxs mütləq şəkildə kirayə haqqının müəyyən faizini vergi olaraq ödəməlidir. Bu gün isə daşınmaz əmlakı olanlar bu vergidən yayınmaq üçün həmin rəsmi müqaviləni imzalamırlar. Evin kirayə verildiyi rəsmiləşdirilmədiyi zaman vergidən yayınmanı sübut etmək bir az çətin olur. Sabah ev sahibi çıxıb deyə bilər ki, mən evimi əvəzsiz vermişəm və heç bir pul almamışam. Bu səbəbdən adətən kirayəşinlə ev sahibi arasında sözlü razılaşma olur.
Burada bir məsələ də var. Ev sahibi rəsmi müqaviləyə görə, kirayəşini qeydiyyata salmalıdır. Ev sahibləri isə bunu istəmir. Qeydiyyat müvəqqəti olsa da, ev sahibləri düşünür ki, sonradan bu problem yarada bilər”.