METBUAT.AZ

Siyasət

Fransa ilə bütün əlaqələr kəsilə bilər -

18 Yanvar 2024 11:34

Xəbər verdiyimiz kimi, Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq höküməti Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Parlamentin Fransa Senatının qətnaməsi ilə əlaqədar yaydığı Bəyanatda Fransa ilə bütün iqtisadi əlaqələrin dayandırılması, Fransa şirkətlərinin ölkəmizdən çıxarılması, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması kimi bəndlər yer alıb.

Milli Məclisin deputatı Fazil Mustafa son proseslərlə bağlı Metbuat.az-a danışıb. O bildirib ki, Fransanın dövlət siyasətinə ermənilərin bu dərəcədə nüfuz etməsi onların özü üçün də təhlükəlidir:

"Fransanın Azərbaycana qarşı aqressiv siyasəti yoxdur, Fransa bir erməni dövlətidir və ermənilər də məğlub olublar. Burada olan ermənilər sakitləşiblər, orada olanlar hələ bu məğlubiyyətlə razılaşa bilmirlər. Fransa özünü ikinci erməni dövləti kimi aparmaq istəyir. Əvvəl bu funksiyanı İran öz üzərinə götürmək istədi, sonra bir az geri çəkildi. İndi Fransa düşüb ortaya və bu məsələlərə sanki özünün həyati məsələsi kimi baxır".

Deputat qeyd etdi ki, əgər belə olsa, Azərbaycan Fransaya qarşı bütün addımları atacaq:

"Biz hər hansı bir şəkildə bu dövlətin Azərbaycana həyasızcasına təzyiq göstərməsinə yol verməyəcəyik. Çünki bizim öz qürurumuz var və beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərimizi bərpa etmişik. Sadəcə Fransa sülh sazişinə mane olmaq üçün bu addımları atır və biz də bunun qarşısını alacağıq".

Xatırladaq ki, Fransa Senatı Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Cavidan Mirzəzadə / Metbuat.az


metbuat.az.