METBUAT.AZ

Qarabağ

Füzuli şəhərinə köçürüləcək ailələr arasında

12 Yanvar 2024 16:58

Yanvarın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Dövlət Komitəsindən Metbuat.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Püşkatmada 147 ailə iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 57-i ikiotaqlı, 75-i üçotaqlı, 15-i dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri tərəfindən püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanı müəyyənləşdirilir.

Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.


metbuat.az.