METBUAT.AZ

Gündəm

GÖZLƏMƏ

26 Yanvar 2024 10:55

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) 3 yaşı tamam olur.

MEDİA Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması göstərilib.

Agentliyin keçdiyi inkişaf yolu, gördüyü işlər, bu sahədə əldə olunan uğurlar barədə media rəhbərləri fikirlərini Metbuat.az-la bölüşərək MEDİA-nın iki illik fəaliyyətini dəyərləndiriblər:

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Elçin Mirzəbəyli bildirdi ki, uzun illərdən bəri media sektorunda media adına iddia edən təsisat və fərdlərin yaratdıqları çoxsaylı problemlər Media İnkişafı Agentliyinin yaranmasını zəruri etdi.

“ Yeni “Media haqqında” Qanunun qəbulu və Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranması zərurəti var idi. Məsələ ondadır ki, həm KİV haqqında Qanun dövrün tələblərinə cavab vermirdi, həm də müəyyən zaman kəsiyində yaranmış çoxsaylı problemlər medianın ənənəvi platforması üzərindən inkişaf edərək çağdaş müasir çağırışlara cavab verməyə hazır hala gətirilməsini mümkünsüz etmişdi. Uzun illər media faktiki olaraq bir sıra aspektlərdən, bir sıra insanların əlində şantaj, qanunsuz yollarla varlanmaq üçün bir vasitəyə çevrilmişdir. MEDİA-nın yaranması və bu kontekstdə bir sıra addımların atılması, o cümlədən “Media haqqında” Qanunun qəbulu, media reyestrinin müəyyənləşməsi, mediadakı çoxsaylı problemlərinin ən azı müəyyən bir zaman kəsiyində aradan qaldırılmasına və tənzimlənməsinə kifayət qədər ciddi yardım etdi”.

Elçin Mirzəbəyli vurğuladı ki, Agentliyin bu illər ərzində həyata keçirdiyi layihələr, xüsusilə də ixtisaslaşma probleminin aradan qaldırılması istiqamətində atdığı addımlar hazırda bəhrə verməkdədir.

“Biz bu gün istər çap, istər internet media, istərsə də televiziyalarda müxtəlif layihələr çərçivəsində formalaşan, eyni zamanda könüllülər hərəkatının içərisində yer alan insanların artıq peşəkar jurnalist kimi fəaliyyətlərinin şahidi oluruq.

Onlarınhəm peşə etikasına yüksək səviyyədə əməl etməsini müşahidə edir, həm də müasir medianın tendensiyalarına da cavab verdiklərini görürük. Bu aspektdən qısa müddətli olsa da, Agentliyin üç illik zaman kəsiyində göstərdiyi fəaliyyəti təqdir edir müsbət dəyərləndirirəm. Düşünürəm ki, indiki mərhələyə qədər formalaşmış baza yaxın zamanda mətbuatın daha da inkişaf etməsi və gün işığına çıxan çoxsaylı problemlərin aradan qaldırılması üçün də zəmin yaradacaq”.

"Bizim Yol" MMC-nin baş direktoru, Bizimyol.info saytının rəhbəri əməkdar jurnalist Bahəddin Həziyev isə düşünür ki, o medianın inkişafını və ya tənəzzülünü konkret olaraq, bu sahəyə aidiyyatı olan hansısa bir dövlət qurumuna və ya ictimai struktura bağlamağın tərəfdarı deyil:

“Bu, bir prosesdir və məlumdur ki, istənilın proses bir deyil, bir çox faktorların nəticəsi və ya məcmusudur. Bəli, mən də oxuyuram, eşidirəm, bəzi insanlar deyir ki, Medianın İnkişafı Agentliyi yaranandan bəri mediada proqres var, bəziləri də deyir, reqress var. Ancaq aqillərdən biri deyib ki, ağıllı adamlar fərdləri, hadisələri deyil, ideyaları müzakirə edir. Əsas ideya medianın media olmasıdır. Bunun üçün də o müstəqil olmalıdır. Müstəqil olmaq üçün də öz ayağı üzərində dura bilməlidir. Hələlik biz bu hədəfdən çox uzağıq. Bəlkə də son üç ildə "yaxınlaşmışıq" deyənlər var. Bəlkə də "əksinə, uzaqlaşmışıq" deyənlər də olacaq. Mən medianın bugünkü səviyyəsinə görə kimisə tərif etmək, yaxud hazırkı vəziyyətə görə kimisə tənqid etmək istəmirəm. Bir gerçək var ki, biz 3 il əvvəl olduğumuz yerdə deyilik artıq. İrəliyəmi çox sıçramışıq, yoxsa çox geriyəmi düşmüşük?! Bu, artıq ayrıca söhbətin mövzusudur. İndiki dünyanı izah etməyə yalnız qeyri-səlis məntiqin gücü və elmi haqqı çatır. Hər halda böyük Hüseyn Cavid deyirdi: "Hər qaranlıqda bir işıq, hər ümidsizlikdə bir ümid var".


metbuat.az.