22 Yanvar 2024 12:10
Xəbər verdiyimiz kimi, bir neçə gündür “Whatsapp” qruplarında Bakı şəhəri və ətraf ərazilərdə içməli suda Hepatit A virusunun olması ilə bağlı əssasız iddialar yayılıb. Həmin səslərdə kimliyi bilinməyən şəxslər xəbərdarlıq edir ki, suyun tərkibində virus var, uşaqlara qaynamamış su verilməsin.
Metbuat.az məsələni araşdırmaq üçün “Azərsu” ASC və Səhiyyə Nazirliyinə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, su ilə bağlı narahatlığa səbəb yoxdur:
“Bu günləri suyun keyfiyyəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur, vəziyyət nəzarətdədir. Bütün mənbələrdən həm Bakıya, həm regionlara, həm Sumqayıta verilən su tam keyfiyyət standartlarına uyğundur”.
Anar Cəbrayıllı vurğulayıb ki, bu yaxınlarda Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbəsində yayılan Hepatit A virusu xəstəliyinin də su ilə heç bir əlaqəsi yoxdur:
“Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları profilaktik tədbirlərlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçiriblər. Müxtəlif nöqtələrdən, evlərdəki su çənindən, şəbəkə xətlərindən, mərkəzi anbardan su nümunələri götürüb yoxlayıblar. Heç bir kənarlaşma yoxdur. Bu gün içməli su standartlarına tam uyğundur. Həmin ərazi digər ərazilərdə olduğu kimi keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunur. Qeyd edim ki, Bülbülə və Əmircan qəsəbələrini qidalandıran 54 Ramanı mərkəzi su anbarımız, Suraxanı və Sabunçunun. böyük bir ərazisini içməli su ilə tam təmin edir".
Gülbəniz Hüseynli / Metbuat.az