25 Yanvar 2024 10:40
Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub. Dava 5 və 15-16 nəfərlik iki qrup arasında meydana gəlib.
Bununla bağlı Metbuat.az-a valideyn şikayət edib. O bildirib ki, davanı "təşkil edən" 9-cu sinif şagirdi, Məhərrəm adlı şagird dəfələrlə onun 7-ci sinifdə oxuyan oğluna sataşıb:
"Dava 2 gün əvvəl olub. Bir neçə dəfə sataşıb oğluma. Sonuncu dəfə digər şagirdləri də yığaraq üstünə gəlib. Başından zərbələr endiriblər. Həmin uşaq bıçaq gəzdirir, məktəbin problemli şagirdlərindən biridir. Polisə müraciət etmişik, hələki bir tədbir görülməyib".
Araşdırmamız zamanı məlum oldu ki, həmin şagird davaya getdikləri görüntüləri çəkərək "TikTok"da paylaşıb.
Məsələ ilə bağlı 188 saylı məktəbin direktoru ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.