15 Yanvar 2024 15:18
Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub.
Bu barədə Metbuat.az-a Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, maksimal sinifli alışma 3536 oblastında M1.9 sinifli alışma olub. Həmçinin, alışmalar ilə bağlı R1 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və II tip radioemissiya və istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı artaraq, 12 ləkə qrupunda 183 ləkə və kiçik Tac dəliyi müşahidə olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Qeyd edilib ki, hesabat dövründə Günəş küləyinin maksimal sürəti 530 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 9 nT, radial istiqamətdə isə -7 nT olub. Hazırda Günəş küləyinin sürəti normaldır (324 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə -1 nT təşkil edir. Kp indeksi 0.67-ə bərabərdir, kosmik hava sakitdir.
Proqnoz günlərində (15-21 yanvar) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.
Geomaqnit sahəsi – 14 yanvarda baş vermiş TKA Merkuri və Veneraya yönəlmişdir, Yerə təsiri olmayacaq, müşahidə olunan Tac dəliyi isə geoeffektiv deyil. 16-17 yanvarda Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə geomaqnit sahəsinin fəallaşması ehtimalı var, geomaqnit qasırğası gözlənilmir.