26 Yanvar 2024 13:48
“Azərbaycan nümayəndə heyətinin səsinin dondurulması ilə bağlı qaldırılan təşəbbüs qanunun aliliyi və insan haqları ilə məşğul olan bir təşkilat üçün utancvericidir”.
Bunu Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Analitik xatırladıb ki, Vətən müharibəsindən sonra korrupsiyaya bulaşmış və siyasi rüşvətxorluğun alətinə çevrilmiş bəzi siyasətçilər və beynəlxalq institutlar reallıqları təhrif edən yanaşma sərgiləyirdilər:
“AŞPA məhz Azərbaycana qarşı qərəzli və ikili standartların bariz nümunəsi olan addımları ilə diqqət çəkirdi. Azərbaycan tərəfi 2001-ci ildə bu təşkilata üzv olanda böyük ümidlər var idi ki, bu təşkilat pozulmuş insan haqlarının bərpası istiqamətində praktiki addımlar atacaq, beynəlxalq hüququ bərqərar edəcək. Təəssüf ki, bu təşkilat tərəfindən heç bir əməli iş görülmədi və nəticədə Azərbaycan dövləti hərbi, siyasi yollarla işğala, təcavüzə və zorakılığa son qoydu.
Hesab edirəm ki, nümayəndə heyətinin AŞPA dakı fəaliyyətini və qeyri müəyyən müddətə bu təşkilatda iştirakın dayandırılması çox doğru bir addımdır. Heç bir dövlət, beynəlxalq institut Azərbaycanla təhdid, zorakılıq və aqressiya dilində danışa bu təfəkkürdən çıxış edə bilməz. Azərbaycan güclü dövlətdir və siyasi iradə nümayiş etdirir”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə təklif edir ki, Azərbaycan dərhal BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın fərdi şikayətlər üzrə protokolunu ratifikasiya (paraflanıb artıq) etməlidir:
“Belə olarsa, Azərbaycan BMT-nin nəzarət mexanimi olan 8 insan hüquq və azadlıqları üzrə Pakt və Konvensiyalarının fərdi şikayət prosedurlarının hamısına qoşulmuş olacaq. Həmçinin Məhkəmələr və Hakimlər Haqqında Qanunda, Cinayət Prosessual və Mülki Prosessual Məcəllədə müvafiq dəyişiklikləri edib BMT kvaziməhkəmə orqanlarının qərarlarının icrası mexanimlərini yaratmalıyıq. Həmin orqanların qərarları AHİM qərarlarıdan gücünə görə geri qalmır. Həmin orqanlar da müvafiq konvensiyanın pozulub-pozulmaması haqqında qərar qəbul edir və iddaçının tələbinə uyğun olaraq kompensasiya müəyyən edə bilər.
Biz bunların əksəriyyətini tanıyırıq, ratifikasiya etmişik. Bu mexanizmləri aktivləşdirmək lazımdır. Bizdə BMT-nin kvaziməhkəmə adlanan fərdi şikayətlərlə bağlı proseduruna uyğun mexanizmlər yaradılmayıb. Hesab edirəm ki, paralel olaraq o mexanizmlər yaradılmalı, qanun və məcəlləyə müvafiq dəyişiklik edilməlidir”.
Gülbəniz Hüseynli / Metbuat.az