METBUAT.AZ

Siyasət

Hərbi qulluqçuların səsvermədə iştirakı üçün zəruri tədbirlər görülür

22 Yanvar 2024 14:31

Azərbaycan Ordusunun şəxsi heyəti fevralın 7-də Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində prezident seçkilərinin səsverməsində iştirak edə biləcəklər.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, seçkilərin Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsi, eləcə də şəffaflığın təmin edilməsi üçün hərbi hissə və müəssisələrin ərazilərində fəaliyyət göstərəcək məntəqələrdə zəruri tədbirlər görülür. Eyni zamanda, Azərbaycan Ordusunda xidmət keçən bir qrup hərbi qulluqçu prezident seçkiləri ilə bağlı səsvermədə ilk dəfə iştirak edəcək. Müdafiə Nazirliyi ilk dəfə səs verəcək hərbi qulluqçuları nəzərə alaraq Seçki Məcəlləsi ilə tanışlıq və digər maarifləndirici məlumatların çatdırılmasını da həyata keçirir.

“Ölkə üzrə bütün seçki məntəqələrində olduğu kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin də seçki prosesində hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün hərtərəfli şərait və əlverişli mühit yaradılacaq”, - deyə məlumatda bildirilib.

Vurğulanıb ki, çətin relyefli dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrdə olan seçicilərin səsvermədə iştirakının təmini üçün daşınan seçki qutularından istifadə ediləcək.


metbuat.az.