14 Yanvar 2024 09:01
Azərbaycanın daha üç yunan-Roma güləşçisi Xorvatiyada keçirilən reytinq turnirində çıxışlarını başa vurub.
Metbuat.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov bürünc medal uğrunda misirli Mustafa Alameldini 5:1 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yarışa 1/4 finaldan start verən Murad Məmmədov (63 kiloqram) fransalı Stefan Klementə qalib gəlib – 6:4. Ancaq bu görüşdə qolundan zədələndiyi üçün turnirdə çıxışını başa vurub.
Qadınların mübarizəsində 57 kiloqramda Jalə Əliyeva 1/8 finalda çinli Kexin Honqa uduzub – 9:20. Təsəlliverici görüşdə ukraynalı Solomiya Vinniki “tuş”la üstələyən Əliyeva bürünc medal uğrunda qarşılaşmada moldovalı Anastasiya Nikitayla bacarmayıb – 4:14.
Qeyd edək ki, Azərbaycan güləşçiləri bundan əvvəl reytinq turnirində beş medal qazanıblar. Yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Sərbəst güləşçilər Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram), eləcə də qadın güləşçi Alyona Kolesnik (59 kiloqram) bürünc medala sahib çıxıblar.