METBUAT.AZ

Mədəniyyət

KÖŞƏ

8 Yanvar 2024 10:05

“Çəpgöz öldü, oldu badam gözlü”.

Nədənsə insanlarda belə bir daxili tələbat var: Ölünü tərifləmək. Təkcə tərifləmək olsa dərd yarı, ilahiləşdirmək, bütləşdirmək, qura biləcəkləri ən pafoslu cümlələrlə dağ başına çıxarmaq... Hansısa məşhur ölən kimi, birdən-birə dəyərə minir, olur “böyük sənətkar”.

Sanki insanların beyninə impuls gedir: “Qoy iki kəlmə də mən tərifləyim, insanlar məni də sənətsevər, humanist, zəifin yanında olan haqq carçısı kimi görsün”.

Bir çoxları sırf gündəmlə ayaqlaşmaq naminə, “like” yığmaq naminə ölən məşhur haqqında təriflər yazırlar. Halbuki normalda teatra getmir, tablo almır, kitab oxumur, qulaq asanda sənətə yox, trand mahnılara qulaq asır...

Dünəndən bəri “Facebook”da müxtəlif təbəqəli insanlar ah-vay edirlər ki, “Aygün niyə Xalq artisti deyil, Əməkdar artistdir, niyə verməyiblər, ən çox o layiq idi” və s...

Gəlin açıq danışaq, 2 gün əvvələ qədər Aygün Bəylərin Xalq artisti fəxri adının olmaması heç birimiz üçün bir əhəmiyyət kəsb etmirdi axı. Heç yadımıza da düşmürdü.

Yenə açıq danışaq, 2 gün əvvələ qədər heç birimiz öz toy məclisimizdə Aygün Bəyləri görmək istəməzdik. “Bəyənmədiyimiz” Xalq artistləri Mir Yusifi, Röyanı, Aygün Kazımovanı görmək istəyərdik. Aygün Bəylər və neçə-neçə əsl sənətkardan fərqli olaraq daim gündəmdə olan Təranə və Musanı, Manafı və Türkanı görmək istəyərdik. Axı bu insanları məclislərimizə çağıra-çağıra həmin zirvələrə qaldıranlar da biz özümüzük...

Həm də biz nə vaxtdan əsl sənət və əsl sənətkar sevən olmuşuq ki? Bu gün ölkədə Aygün Bəylərdən qat-qat yaxşı səsə malik əsl sənətkarlar var. Sadəcə yadımıza düşmürlər, çünki hələ sağdılar və onları tərifləmək bizə “like” qazandırmayacaq.

Bu gün hansısa əsl sənət adamı layiq olduğu yerdə deyilsə, hansısa şou adamı layiq olduğundan daha yuxarıdadırsa, bunun səbəbi cəmiyyət özüdür.

İndi durub yeni vəfat edən bir müğənni, bir ana haqqında mənfi fikirlər yazacaq deyiləm. Amma etiraf edək ki, Aygün Bəylər normal bir müğənni idi və elə də böyük yaradıcılığı olmayıb, bu və ya digər səbəbdən... Normal səsi olub, şou naminə şəxsiyyətini alçaltmayıb və sadə olub – onu insanlara sevdirən də budur. Amma kimisə gərəyindən artıq tərifləmək də gülüncdür, lazımsızdır, onun özünə də hörmətsizlikdir...

Ruhun şad olsun, “Tut ağacım” ilə xatırlayacağımız sadə, əsl sənətkar.

Hələ də sağ olan və dəyərə minəcəyi günü gözləyən əsl sənət adamlarına salam olsun...

Cavidan Mirzəzadə, xüsusi olaraq "Metbuat.az" üçün.


metbuat.az.