22 Yanvar 2024 15:58
2023-cü ilin noyabr ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 15.3% azalaraq 440.4 milyon manat təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi statistikada bildirilib. Qeyd edilib ki, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 25.8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 31.8% azalıb.
Banklara kredit borcu olan vətəndaşların, əksəriyyətini maraqlandıran suallardan biri də ya borcu ödəyə bilmədikdə onu gözləyən aqibətin nə olacağı barədədir. Bu suala cavab verən hüquqşünas, bank və maliyyə məsələləri üzrə vəkil Əkrəm Həsənov Metbuat.az-a bildirib ki, imkanı olduğu halda kredit borcunu ödəməyən vətəndaş məhkəmə qərarı ilə həbs edilə bilər:
“Əgər vətəndaşın əmlakı, pulu olduğu halda krediti ödəmədiyi sübut olunarsa o əvvəlcə inzibati qaydada bir ay müddətinə, sonra da Cinayət Məcəlləsinə uyğun olaraq üç il müddətinə həbs edilə bilər. Avropa İnsan Haqları Məhkəməsinin qərarına görə, dövlət krediti ödəməyən vətəndaşın imkanı olduğunu sübut etməlidir. Azərbaycan Konstitusiya Məhkəməsi də 2012-ci ildə verdiyi qərara görə, məhkəmə qərarını icra etməmək, faktiki olaraq borcu ödəməmək o zaman məsuliyyətə səbəb olur ki, həmin şəxsin imkanı var. Qeyd edim ki, 2021-ci ilin Avropa Məhkəməsinin qərarından sonra bu kimi faktlara görə həbs edilmə hallarının sayı azalsa da, yenə də bəzən müşahidə edilməkdədir”.
Hüquqşünas qeyd edib ki, icra məmurları hazırda həbslə bağlı təqdimatı iki halda verirlər. Bunlardan biri fərdi sələmçilərə verilən ödəmələrə, ikincisi isə alimentlərə görədir:
“Vətəndaşın imkanı yoxdursa o kredit borcuna görə həbs edilə bilməz. Borclunun üzürsüz səbəbdən, tam qərəzli şəkildə borcunu ödəməkdən yayınmasını icra məmuru məhkəmədə sübut eləməlidir. Məhkəmə də onu əsaslandırmalıdır ki, bu insanın həqiqətən də imkanı var və ödəniş etmir. Yaxud da, işləmək imkanı var, amma işdən yayınır. Xatırladım ki, borcunu ödəyə bilməməyə görə, Ali Məhkəmənin son illərdəki təcrübəsinə əsasən azadlığın məhdudlaşdırma kimi cəzalat tətbiq edilir”.
Gülbəniz Hüseynli / Metbuat.az