15 Yanvar 2024 13:19
Xəbər verdiyimiz kimi, yanvar ayının 13-dən respublika ərazisində yağan qar Cənub bölgəsinin enerji təsərrüfatına ciddi ziyan vurub.
Məsələnin həlli istiqamətində 36 saatdan çox vaxt keçməsinə baxmayaraq hələ də ciddi tədbir görülməyib. Bu barədə Metbuat.az-ın Lənkəran şəhər icra hakimiyyəti ilə əlaqə saxlamaq cəhdləri baş tutmadı. "Azərişıq" ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsindən də suallarımıza cavablandıracaq şəxs ilə əlaqə yaratmaq da mümkün olmadı.
Etibarlı mənbələrdən Metbuat.az-a verilən məlumata görə, hadisədən sonra adı çəkilən qurumlar problemə biganə yanaşıblar.
Yaranmış vəziyyətilə bağlı "Azərişıq" ASC-nin mətbuat xidmətindən Metbuat.az-a bildirdilər ki, problemdən xəbərdardılar:
“Lənkəran şəhərinin enerji təsərrüfatında yaranmış problemin həll olunmamasına səbəb zamanında şəhərin yaşıllaşdırma idarəsi tərəfindən iri qollu-budaqlı ağacların budanmamasıdır. Nəticədə, qarlı hava həmin ağacları qıraraq yüksək gərginlikli naqillərin üzərinə salıb. Biz də məcbur olub enerji verilişini dayandırmışıq. Bu işlərə cavabdeh olan şəxslər məsələni həll etməlidirlər. Yerli icra hakimiyyəti işləri yekunlaşdırdıqdan sonra enerji verilməsi bərpa ediləcəkdir”.