19 Yanvar 2024 11:48
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş vermiş partlayışın qaz sızması nəticəsində baş verdiyi iddialarına münasibət bildirib.
Metbuat.az xəbər verir ki, şöbə rəisi deyib ki, hadisənin qaz sızmasından baş verməsi barədə hər hansı bir əsas yoxdur:
“Partlayışdan sonra Baş Prokurorluğun, hüquq mühafizə orqanlarının əməkdaşları, FHN, “Azəriqaz” İstehsalat Birliyinin və “Təmiz Qaz”ın nümayəndələri ərazidə bir neçə gün istintaq tədbirləri həyata keçiriblər. Bizim qaz verdiyimiz ərazi mebel sexinə deyil, onun ofisinin yerləşdiyi ünvanadır. Ofisdə hər hansı partlayış baş verməyib. Mebel sexində də qazlaşma aparılmayıb. Hələ indiyə qədər hadisənin qaz sızması nəticəsində baş verdiyi barədə açıqlama olmadı.
Əgər orada qaz sızması ilə bağlı hər hansı problem varsa bu barədə “Azəriqaz”a bildirməlidirlər ki, bizə elan olunmalıdır, bizdə digər obyektlərlə bağlı məsələyə daha ciddi yanaşmalıyıq. Belə bir hal yoxdur”.
Gülbəniz Hüseynli / Metbuat.az