METBUAT.AZ

Siyasət

Onlara dünyanın sahibi olmadıqlarını deməyin vaxtı çatıb -

25 Yanvar 2024 15:37

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.

Bəyanatda bildirilib ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Bu barədə Metbuat.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz açıqlama verib. General bildirib ki, 44 günlük vətən müharibəsindən sonra Avropadakı bir çox təşkilat Azərbaycanaa qarşı ikili standartlar tətbiq edərək, qeyri-səmimi münasibət göstərdilər:

“AŞPA Ermənistan-Azərbaycan münaqişəsini, hüquqdan uzaq və tərəfsizliyə zidd bir perspektivdə qiymətləndirərək tərəflər arasında problemin həllinə nail olmaq əvəzinə yeni problemlər yaratmağa başladılar. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra ərazi problemini öz imkanları ilə beynəlxalq hüquq normalarına uyğun azad etməsi Qafqaza sülh və sabitlik gətirməsi Fransa, Almaniya və Avropanın bir-iki kiçik dövlətini narahat etməyə başlayıb. Onlar Ermənistanı onların ideyalarına xidmət edən alətə çevirməklə çalışırlar ki, Azərbaycan öz problemləri ilə məşğul olsun, regiona sülh gəlməsin. Hesab edirəm ki, AŞPA-nın qərarı ciddiyə alınmayacaq qədər önəmsiz bir məsələdir”.

Qanunlardan uzaq olan bu qurumun şəxsi siyasi ambisiyaları çərçivəsində fəaliyyət göstərdiyini deyən Y. Karauzun fikirlərinə görə, Ermənistanla bağlı insan hüquq və azadlıqlarından danışan bu təşkilat Türkiyə və Azərbaycan kimi dövlətlər üçün demokratiya azadlıq, insan haqları məsələsi mövzu olduqda xaos yaradırlar:

Bizim insanlıq, hüquq, qabaqcıl dövlət imkanları baxımından Avropadan öyrənəcəyimiz heç nə yoxdur. Ümumiyyətlə, onlara etdiklərinin səhv olduğunu müəyyən formada ifadə etmək vacibdir. Avropa Türkiyəni qəbul etməyəcək, amma Türkiyəyə şərt qoyur, sonra Azərbaycana da oxşar şərtlər qoymağa çalışır. Avropa Azərbaycan üçün mütləq deyil. Azərbaycan öz fəaliyyətini cəmiyyəti, dövləti, xalqı üçün inkişaf meyarları çərçivəsində həyata keçirir. Ona görə də Azərbaycan mövqe nümayiş etdirməlidir. Mən Azərbaycanı bu qərarına görə təbrik edirəm. AŞPA-ya etdiklərinin yanlış olduğunu, onların dünyanın sahibi olmadığını deməyin vaxtı çatıb”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.