METBUAT.AZ

Region

Paşinyan hakimiyyətdən gedir? -

30 Yanvar 2024 16:07

"Hazırda Ermənistanda hakimiyyət dəyişikliyinin olması nəinki Azərbaycan üçün, bütün region üçün yaxşı heç nə vəd etmir".

Bunu Metbuat.az-a açıqlamasında politoloq Sahil İskəndərli deyib. O bildirib ki, Emənistanın baş naziri Nikol Paşinyan müxtəlif yollarla sülh danışıqlarını ləngitməyə çalışsa da, Azərbaycan istənilən halda bu məsələlərə onun hakimiyyəti dövründə son qoymağa çalışmalıdır:

"2020-ci il 8 noyabrda imzalanan üçtərəfli bəyanat hazırda tərəflər arasında imzalanmış masadakı yeganə sənəddir və bu sənədin altında Nikol Paşinyanın imzası var, ona görə də, çalışmalıyıq onun hakimiyyəti dövründə məsələni həll edək. Bu baxımdan Paşinyanın hakimiyyətdən getməsi Azərbaycanın xeyrinə deyil. Ümumiyyətlə mən düşünmürəm ki, Paşinyanın bu dəqiqə hakimiyyətdən getmə təhlükəsi var".

Politoloq deyib ki, bir çoxları burada Rusiya faktorunu çox ciddi şəkildə qabardırlar və bundan daha çox ehtiyatlanırlar. Halbuki Rusiya faktorundan daha təhlükəli olan Qərb faktorudur:

"Paşinyanı indi təkcə Qərb yox, Rusiya da dəstəkləyir. Rusiya da Paşinyanın hakimiyyəti dövründə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Düşünmürəm ki, Paşinyanın əvəzinə Rusiyanın dəstəklədiyi başqa biri gəlsə, yenidən müharibələr qızışa bilər. Regionda yenidən müharibənin başlaması ilk növbədə Rusiyanın maraqlarına ziddir. Bu, Rusiyanı regionda asılı vəziyyətə salacaq, çünki Azərbaycanın manevr imkanları Ermənistana nisbətən daha genişdir. İfrat Qərb meyilli birinin Ermənistanda hakimiyyətə gətirilməsi bu region üçün daha böyük təhlükədir".

Cavidan Mirzəzadə / Metbuat.az


metbuat.az.