24 Yanvar 2024 12:03
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.
Metbuat.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Mətbəəyə gələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə bilavasitə tanış olub.
Komissiya üzvləri və media mənsublarının iştirakı ilə keçirilən tədbirdə MSK sədri seçicilərin səsvermə hüquqlarının azad və sərbəst şəkildə reallaşdırılmasında mühüm əhəmiyyət daşıyan seçki bülletenlərinin hazırlanması və çapında Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb.
O, seçki bülletenlərinin qanunvericiliklə müəyyənləşdirilmiş vaxtda və qaydada çap edilməsi və aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı öz tövsiyələrini də verib. Həmçinin vurğulayıb ki, seçki bülletenlərinin çap prosesi təhlükəsizliyin təmin edilməsi şərti ilə, seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və media nümayəndələri üçün tamamilə açıq həyata keçirilir.
M.Pənahov seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunduğunu, Prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteni çap edilməsinin nəzərdə tutulduğunu bildirib: "Seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək".