17 Yanvar 2024 10:56
2024-cü ilin yanvarın birindən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 %-i qədər deyil, 20 %-i qədər vergi ödəyəcəklər.
Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, onlara 75 %-lik vergi güzəşti və azadolma tətbiq edilməyəcək.
Bu barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirdi ki, qanunvericilikdə edilmiş dəyişiklik mikro sahibkarlarığın inkişafına mənfi təsir edəcək:
“Hesab edirəm ki, üç il ərzində bu məsələyə yenidən baxılacaq və hansısa formada güzəştlər tətbiq olunacaq. Çünki biz bunu bir çox istiqamətlərdə müşahidə etmişik. Düşünürəm ki, yenidən atılmış bu addım həm sahibkarlar, həm də iqtisadiyyat üçün neqativ nəticələrə gətirəcək. Ortada mövcud olan rəqəmlər təsbit olunduqdan sonra güzəşt məsələsinə yenidən qayıdıla bilər”.
İqtisadçı qeyd etdi ki, ölkədə güclü iqtisadiyyat üçün sahibkarlara dörd fərqli yanaşma fəlsəfəsinin tətbiqi vacibdir:
“Birincisi, odur ki, mikro sahibkarlarla qəti işin olmasın, onların problemini həll edib stimul vermək lazımdır. İkincisi, orta sahibkarlara dəstəkdir. Amma bununla belə iri sahibkarı da qəti nəzarətsiz buraxmaq olmaz. Əks halda ayrı-ayrılıqda heç bir qanun və heç bir mexanizm istənilən nəticəni verə bilməz”.
Gülbəniz Hüseynli / Metbuat.az