23 Yanvar 2024 21:26
Azərbaycan Premyer Liqasında ilin ilk turu – XIX tur başa çatıb.
Metbuat.az-ın məlumatına görə, son olaraq lider “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə son çempion hesabına növbəti 3 xalı yazdırıb. “Qarabağ” erkən qolla hesabı açıb. 6-cı dəqiqədə Numan Kurdiç avtoqol müəllifi olub. 21-ci dəqiqədə Abdullah Zubir fərqi iki topa çatdırıb. Fransalı yarımmüdafiəçi 61-ci dəqiqədə dublunu rəsmiləşdirib. Qonaqların gücü buraxılan qollardan birinin əvəzini çıxmağa çatıb. 71-ci dəqiqədə Mohammed Kadiri adını tabloya yazdırıb.
Beləliklə, 3:1 hesablı qələbə qazanaraq xallarının sayını 44-ə yüksəldən “Qarabağ” liderliyini bir qədər də möhkəmləndirib. Hesabında 26 xal olan “Araz-Naxçıvan” isə 6-cı pilləyə düşüb.