METBUAT.AZ

Siyasət

Qaribaşvilinin istefasında ikili oyun:

31 Yanvar 2024 01:37

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən getməsinin səbəbini açıqlayıb. İrakli Qaribaşvili keçirdiyi brifinqdə deyib ki, vəzifəsindən ayrılması ona hakim “Gürcü Arzusu” partiyasının siyasi şurası tərəfindən partiya sədri vəzifəsini tutmaq təklifi edilməsi ilə bağlıdır.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov məsələyə münasibət bildirib. Metbuat.az-a açıqlamasında politoloq deyib ki, Qarbaşvilinin birdən-birə belə istefa qərarı verməsi təsadüf deyil:

“Qərb və Rusiya Gürcüstan üzərində çox böyük oyunlar oynayıb. Qaribaşvili özü Bidzina İvanişvilinin klanındandır. Bidzina İvanaşvilinin bir tərəfi Avropa ilə bağlıdır. Amma o uzunmüddətdir Rusiyada yaşayır. Bu şəxs Gürcüstanı Qərbə inteqrasiyaya apardığı qədər, həm də Rusiyanın əlaqələrini istiləşdirməyə doğru addım atırdı. Digər tərəfdən hökumətlə prezident Salome Zurabaşvili arasında gərginlik hökm sürürdü. Hesab edirəm ki, həm Rusiyanın, həm də Qərbin təzyiqinin qarşısını almaq üçün Qaribaşvili istefaya getdi”.

Qaribaşvilinin istefasında Qərb və Rusiyanın bərabər oynadığını düşünən politoloq bildirib ki, bu vəziyyətdən hansı tərəfin qazanclı çıxacağını zaman göstərəcək:

“Məlum olan odur ki, Qaribaşvili Gürcüstan hökuməti saxlaya bilmədi. Məsələnin iqtisadi tərəfi də var. Son dövrlər Gürcüstanda iqtisad artımın aşağı düşməsi nəticəsində əhali narazılığa başlamışdı. Bu özünü keçirilən sorğularda da biruzə verirdi”.

Qeyd edək ki, bundan sonra hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının hazırkı sədri İrakli Kobaxidze baş nazir postunu, Gürcüstanın indiki baş naziri İrakli Qaribaşvili isə partiya sədri postunu tutacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.