24 Yanvar 2024 11:17
Dünəndən bəri ölkə iki fərqli məktəbdə baş verən cinsi qısnama və cinayət hadisəsi ilə çalxalanır. Hər iki hadisə zəminində zərər çəkənin də zərər verənin də uşaqların olması bizi bir daha təhsildəki və ailə insitutlarındakı boşluqlara nəzər salmağa və bu barədə geniş müzakirələr açmağa vadar edir.
Zorakılığın dəqiq tərifini vermək elə də asan deyil. Zorakılıq davranışının tərkibinə yalnız fiziki yox, mənəvi və pixoloji qısnamalar da daxildir. Məktəblilər arasında baş verən qısnamaların irəliləyən dövrlərdə cinayət törətməyə, cinsi zorakılığa qədər gəlib çıxmasına zəmin yaradan faktorlar var. Psixoloqlar bu faktorları adətən belə sıralayır:
Uşaqların davranış və impluslarını idarə etməkdə çətinlik çəkməsi.
Sosial bacarıqlarının zəif olması.
Ailələrin uşaqların təhsil həyatına laqeyid yanaşması
Ailənin uşağa qarşı qayğı əskikliyi.
Ailələrin uşaqlara qarşı sərt displin tətbiqi.
Ailədaxili münaqişələrin olması, zorakılıq və itismarın varlığı.
Uşaqlarda maddə istifadəsi və depressiya göstəricilərinin olması.
Bütün bu faktorları aşağı-yuxarı hər kəs eşidir, oxuyur, bilir. Amma təəssüf ki, bizim cəmiyyətdə ən ciddi problemlərdən biri dərk etmə problemidir. Biz qaydaları oxuyuruq, bilirik, amma icrasına o qədər də maraqlı olmuruq. Yalnız hadisə artıq baş verdiyi zaman hərəkətə keçirik. Halbuki hadisənin baş verməməsi üçün lazımi tədbirləri zamanında görmək lazımdır.
Bu məsələdə isə bütöv yükü ailələrin çiyinlərinə yükləmək də olmaz. Çünki ailələr müxtəlifdir. Hamı təhsilli, şüurlu uşaq yetişdirmək mövzusunda mükəmməl biliklərə malik deyil. Orta statistik Azərbaycan ailələrinin böyük əksəriyyətində uşaq dünyaya gətirmək vacib olsa da, uşağın inkişaf prosesini izləmək məsələsində ciddi boşluqlar var. Bu boşluqları doldurmaq üçün isə təhsil sistemi mövcuddur. Bunu bir çox təhsil işçisi, məktəb direktoru, müəllim heyəti qəbul etməsə də, uşaqların sağlam inkişafında məktəb həyatının da rolu böyükdür.
Təhlükəsiz məktəb
Xüsusilə də məktəblərdə baş verən zorakılıq hadisələrindən sonra bütün dünyada təhlükəsiz məktəb anlayışı inkişaf etməyə başladı. Təhlükəsiz məktəb nədir? Təhlükəsiz məktəb dedikdə ağlımıza sadəcə olaraq polis və ya mühafizə xidməti ilə alınan fiziki tədbirlər gəlməməlidir. Məktəbin ümumi aurası müsbət istiqamətdə dəyişdirilmədən təhlükəsiz məktəb formalaşdırıla bilməz. Uşaqlar gözlədikləri dəstəyi məktəblərdən görmədikdə sosial olaraq tələb edilən davranışları da göstərməyəcəklər. Bu da təhlükəsiz məktəbin formalaşdırılmasının önündəki ən əhəmiyyətli maneələrdəndir. Təhlükəsiz məktəblərdə müəllimlərin müəllimlərlə, müəllimlərin şagirdlərlə, şagirdlərin bir-biri ilə müsbət bağları olur. Çünki zorakılığın qarşısının alınmasında ən əhəmiyyətli tədbirlərdən biri müəllim heyəti ilə şagirdlərin qurduqları inam verən, dəstəkləyici bağlardır.
Təhlükəsiz məktəblərdə uşaqların akademik nailiyyətlərinə və davranışlarına təsir göstərilsə də, şagirdlərin sosial və emosional ehtiyaclarının ödənilməsinə da əhəmiyyət verilir. Bunu etmək müəllimlərin, məktəb rəhbərlərinin və məktəb işçilərinin borcudur.
Təhlükəsiz məktəblərdə bütün uşaqlara bərabər münasibət göstərilir və onlara bərabər məsuliyyət verilir.
Çünki sinifdə və ya məktəbdə dostları ilə bərabər məsuliyyət daşımayan və fərqləndirilən uşaqlar gələcəkdə zorakı davranışlar göstərir və ya zorakılığın hədəfinə çevrilirlər.
Bütün bu qaydaları nəzərə aldıqda “Azərbaycanda təhlükəsiz məktəb varmı?” sualına nümunə göstərəcəyimiz dövlət məktəbi demək olar ki, yoxdur. İstisna olan müəllimələr olsa da, onlar bütöv bir cəmiyyətin sağlam gələcəyini formlaşdırmaq üçün azdılar.
Ekoloji faktorlar
Zorakılıq zamanı qoruyucu və risk faktorları arasındakı əlaqəni anlamağın ən yaxşı yolu ekoloji əlaqəni təsbit etməkdir. Ekoloji modelə görə, hər bir fərd içərisində olduğu şəxsi, ailəvi, ekoloji və sosial amillərdən təsirlənir.
Ekoloji faktorlar içərisində medianın da təsiri əsas sayıla bilər. Zorakılığın, cinayət hadisələrinin bütün təfərrüatları ilə mütəmadi olaraq mediada yayımlanması, yeniyetmələrin zorakılığa qarşı münasibətlərində bir laqeyidlik yaranmasına səbəb olur. Beləliklə də, yeniyetmələr zorakılığı bütün problemlərin həlli yolu olaraq anlayırlar və bunu artıq normallaşdırmağa başlayırlar.
Bu gün ailələrin övladları ilə münasibətlərində ciddi uçurumlar yarandığı göz önündədir. Ölkəmizdə hər 10 ailədən 8-ində hər iki valideyn işləyir. İqtisadi problemlərlə başa çıxmaq, sosial qayğıları qismən də olsa aradan qaldırmaq üçün bu çağımızın bir məcburiyyətidir. Çörək pulu qazanmaq üçün 10 saat, bəzən də istirahətsiz çalışan valideynlər övladlarının nə mənəvi, nə psixoloji, nə məktəb həyatındakı gedişatı izləyə bilmirlər. Günün stresi, yorğunluğu valideynin övladına qarşı laqeyd yanaşmasına gətirib çıxarır. Bir çox ölkələrdəki uşaqların 18 yaşına qədər dövlət himayəsində olması üçün hazırlanan sosial proqramların olması və hər il daha da təkmilləşdirilməsi məhz bu cür problemlərin sıx yaşanmaması üçün nəzərdə tutulub.Azərbaycanda analar müəyyən vaxta qədər oturub övladlarını böyütmək, onları yetişdirmək missiyasını həyata keçirə bilmirlər. Sosial problemlərin cəngində qalan ailələrdə maddi rifahın aşağı olması ailədaxili münaqişələrə səbəb olur. Düşünürəm ki, bu, dövlət üçün artıq bir həyəcan siqnalı olmalıdır.
Sosial faktorlar
Məktəblilər arasında zorakılığın artmasına zəmin yaradan sosial faktorlara narkotik maddələrin, kəsici-deşici alətlərin, hətta odlu silahların rahatlıqla əlçatan olması, sosial nizamsızlıq, təhsilin keyfiyyətinin aşağı düşməsi və məktəb xaricində fəaliyyətlərin təmin olunmaması daxildir.
Ölkəmizdə hazırda ən ciddi problemlərdən biri keyfiyyətsiz təhsil ilə yanaşı, həm də məktəb xaricində uşaqların, yeniyetmələrin müsbət yöndə inkişafını təmin edəcək dərnəklərin, kursların, düşərgələrin olmamasıdır. Məlumdur ki, hər kəsin büdcəsi özəl kurslardan yararlanmaq üçün uyğun deyil. Belə olduğu halda, uşaqlar boş vaxtlarını telefonda uyğunsuz oyunlarla və internet resurslarında gəzinməklə doldururlar.
Yekun
Baş verən uşaq cinayətləri, uşaqlar arasında zorakılıq, narkotik asılılığı, cinsi istismar hadisələrinin irəliləyən zamanlarda qorxunc statistikasının olmaması üçün bu daşın altına hər birimz ən əsası da dövlət əl qoymalıdır. Çünki “Uşaqlar bizim gələcəyimizdir”.