10 Yanvar 2024 11:15
İsrailin Qəzzada insanlığa qarşı törətdiyi cinayətlərə Qərb siyasətçilərinin reaksiyaları artır.
Metbuat.az xəbər verir ki, Belçika baş nazirinin müavini Petra De Sutter İsraili soyqırımda ittiham edən Cənubi Afrika Respublikasının iddiasına dəstək verməyə çağırıb. Flamand Yaşıllar Partiyasının hakim koalisiyadakı nümayəndəsi olan De Sutter bildirib ki, ölkəsi İsrailin Qəzzada soyqırım təhlükəsinə qarşı səssiz qala bilməz. Sosial media hesabından açıqlama verən De Sutter, İsraili soyqırımda günahlandıran Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində açdığı iddiaya dəstək çağırışı edib.
De Sutter, bu təklifi Belçika hökumətinə təqdim edəcəyini bildirərək, "Belçikanın Cənubi Afrikanın liderliyini izləməsini və Beynəlxalq Ədalət Məhkəməsində hərəkətə keçməsini istəyirəm" deyib. De Sutter daha əvvəl Belçika hökumətini İsrailə qarşı ticarət sanksiyaları tətbiq etməyə çağırmışdı.