24 Yanvar 2024 11:32
"Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir".
Metbuat.az bildirir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. O qeyd edib ki, məcəllənin təsdiqində məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir sənəddir:
"Yeni Məcəllə inhisara qarşı mübarizə, kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi, qiymətlərin optimallaşdırılması və hətta bəzi məhsullar üzrə qiymətlərin azaldılması baxımından da əhəmiyyətlidir. Uzun müddətdir ki, Rəqabət Məcəlləsinin qəbulu müzakirə olunurdu və bu, iqtisadiyyatın sağlamlaşdırılması baxımından kifayət qədər vacib qanunlardan biridir.
Bu gün bütün inkişaf etmiş ölkələrdə bu istiqamətdə qanunvericilik var. Avropa İttifaqında ən vacib qanunlardan biri də rəqabət ilə bağlı qanundur. Ona görə də Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, bazarın liberallaşmasında, bazara çıxış imkanlarının artırılmasında və inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq".
İqtisadçı bildirib ki, bütövlükdə, Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycan iqtisadiyyatında yeni səhifənin açılması kimi xarakterizə edilir. Bu yeni dövrdə islahatların daha dərinləşəcəyindən xəbər verir.
Metbuat.az