12 Yanvar 2024 16:15
Kremlin sözçüsü Dmitri Peskov ABŞ və Böyük Britaniyanın Yəmənə hücumlarını pisləyib.
Metbuat.az xəbər verir ki, Peskov paytaxt Moskvada ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları ilə bağlı açıqlamasında bildirib ki, beynəlxalq hüquqa görə, hücumlar qeyri-legitimdir. Peskov ABŞ-ın husilərə qarşı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsini tənqid edib. Onun sözlərinə görə, sənədi 11 ölkə qəbul etsə də, Rusiya da daxil olmaqla 4 ölkə bitərəf qalıb. Peskov bildirib ki, hücum edən ölkələr öz hərəkətləri üçün beynəlxalq hüquqi baza yaratmağa çalışdıqları üçün Rusiya bitərəf qalıb.
Husilərin beynəlxalq ticarət gəmilərinə hücumları ilə bağlı Peskov, “Biz dəfələrlə Husiləri bu cür davranışlardan əl çəkməyə çağırmışıq və onların son dərəcə yanlış olduğunu düşünürük” deyə bildirib. Qeyd edək ki, ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərindəki bəzi məntəqələrə hava zərbələri endirib.