22 Yanvar 2024 12:02
Yanvarın 22-dən 27-dək Günəş fəallığının aşağı səviyyədə qalacağı, əsasən M sinif və kiçik ehtimalla X sinif alışmaların olacağı proqnozlaşdırılır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Metbuat.az-a bildirilib ki, Günəş küləyi parametrləri yanvarın 22-də normal səviyyədə olacaq. Yanvarın 20-də baş vermiş tac kütlə atılması hesabına yanvarın 22-də və 23-də Günəş küləyi parametrləri nisbətən artacaq. Yanvarın 24-dən bu parametrlər yenidən normal fon səviyyəsinə düşəcək.
Yanvarın 22-dən 23-nə keçən gecə, yanvarın 23-ü isə əsasən səhər saat 06:00 – 12:00 radələrində orta enliklərdə G1 (mülayim), qısa fasilələrlə G2 (orta) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Yanvarın 23-də günortadan sonra və sonrakı tarixlərdə geomaqnit sahəsi sakit və normal səviyyədə olacaq. Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti yanvarın 22-dən 27-dək 2-5 intervalında dəyişəcək.