22 Yanvar 2024 15:35
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərdiyimiz beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab almışıq.
Metbuat.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
“Beynəlxalq təşkilatlara dəvət məqsədilə XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib. Mövcud prosedura əsasən, öz növbəsində qeyd edilən təşkilatlar üzv dövlətlərə müraciət edərək müvafiq ölkədəki seçkiləri müşahidə etməyə çağırış edirlər. Dəvət göndərdiyimiz təşkilatların əksəriyyətindən müsbət cavablar almışıq”, - deyə A.Hacızadə qeyd edib.
Mətbuat xidmətinin rəhbəri, həmçinin vurğulayıb ki, 7 fevral seçkilərini izləmək məqsədilə xarici KİV-lərdən də çoxsaylı müraciətlər alınıb və akreditasiya prosesi yekunlaşdıqdan sonra onların dəqiq sayı barədə məlumat veriləcək.