15 Yanvar 2024 17:45
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə yanğın hadisə baş verib. Yanğının təhlilinin nəticəsi göstərir ki, hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.
Bu barədə Metbuat.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, son zamanlar baş verən genişmiqyaslı yanğın hadisələri təhlükəsizliyi qaydalarına bir daha nəzər yetirilməsini vacib edir:
"Ümumiyyətlə, sexlərdə yanğın təhlükəsizliyinə dair texniki bazanın normalara uyğunluğuna, onların daim işlək və saz vəziyyətdə saxlanılmasına nəzarət edilməlidir. Burada əsas məsuliyyət həmin obyeklərin rəhbərliyinin üzərinə düşür. Söhbət insan həyatından gedirsə obyekt rəhbəri yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına, obyektdə fəaliyyət göstərənlərin bu qaydalara əməl etməsini tələb etməlidir. Ətrafda olan elektrik avadanlıqlarının yanma təhlükəsi yüksəkdir, nasazlıq olarsa, qısaqapanma olarsa yanğın baş verə bilər. Onların hər biri yoxlanmalıdır. Göründüyü kimi, bu məsələ kiçik deyil, geniş yanaşma, diqqət vacibliyi istəyir”.
Son günlər baş verən yanğın hadisələri barədə danışan ekspertin sözlərinə görə, ümumiyyətlə yanğın təhlükəsizliyi ilə bağlı yanaşmada biganəlik var:
"Yanğın baş verməsin deyə tədbirlər planı olmalıdır. Bu zaman həmin planlar yanğının daha geniş miqyasda yayılmasının qabağını almaq mümkündür. Düşünməyək ki, yanğın hadisələrindən yüz faiz sığortalanmaq olar. Normativ standartlara əməl etməklə daha az zərər ilə qurtulmaq olar. Ümumiyyətlə, belə yerlərdə bazarlarda və ticarət mərkəzləri kimi obyektlərdə könüllü yanğınsöndürmə qrupları olmalıdır. Əgər kimsə sexdə qəsdən yanğın törədibsə baş verənlər araşdırılıb və ona hüquqi qiymət veriləcəkdir”.