23 Yanvar 2024 12:44
Baş nazir Əli Əsədov “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Metbuat.az xəbər verir ki, sərəncama əsasən, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 noyabr tarixli 4176 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə qərara alınır:
- “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
- Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müəyyən edilsin.
- Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilsin.
- Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.