METBUAT.AZ

Ölkə

Vəkillər Kollegiyasının sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirdi

12 Yanvar 2024 21:02

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan İbrahim Məmmədzadə ilə görüş keçirib.

Metbuat.az xəbər verir ki, görüşdə layihənin idarəçi rəhbərlərindən biri olan Anar Bağırov çıxışında İbrahim Məmmədzadəni müsabiqənin qalibləri sırasında yer alması münasibətilə təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb, onun praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün ARVK-nın zəruri dəstək göstəriləcəyini deyib.

Sədr birillik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini, habelə öz potensialını üzə çıxarmasına kömək olacağını vurğulayıb.

Həmçinin, Anar Bağırov vəkillik sahəsində son illərdə aparılan köklü islahatlardan və eyni zamanda, innovasiyanın tətbiqi barədə görülən işlərdən danışıb.

Görüşdə çıxış edən İbrahim Məmmədzadə isə üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində ARVK-nın sədrinə yaradılan imkan və səmimi görüşə görə təşəkkürünü bildirib.

Sonda qalibə ARVK-nın fəaliyyətinə aid nəşrlər hədiyyə edilib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycanın Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.


metbuat.az.