26 Yanvar 2024 14:03
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları tətbiqləri yükləyərkən diqqətli olmağa çağırıb. Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşların üzləşdiyi maliyyə itkisinin və cihazlarının zərərverici proqramlarla yoluxmasının əsas səbəbinin “WhatsApp+” və bunun kimi rəsmi müəllifi tərəfindən yayımlanmayan, eləcə də etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verdiyi müəyyən olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək məqsədilə istifadə edir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətlə yanaşmağa çağırır. ETX vətəndaşlara cihazlarına tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, tətbiqləri yükləyərkən onlara verilən icazələri mütləq qaydada nəzərdən keçirməyi tövsiyə edir.