16 Yanvar 2024 13:12
Bir müddət öncə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Bakının Qaraçuxur qəsəbəsinə və Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulduğu deyilsə də? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur.
Vəziyyət ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Metbuat.az-a bildirdi ki, Xırdalana metro çəkilməsi ilə bağlı onlarda hər hansı bir məlumat olmayıb:
“Bu məlumatın hansı mənbədən qaynaqlandığını bilmirik. Bakı metropoliteni tərəfindən belə bir açıqlama da edilməyib. 2040-cı ilə qədər Bakının Baş planına uyğun olaraq görüləcək tədbirlərlə bağlı zamanı gəldikdə, ictimaiyyətə ətraflı məlumatlar təqdim olunacaq”.
Bəs hansı hallarda ərazidə metro çəkilişi baş tutmaya bilər?
Bu suala cavab olaraq ekspert Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında qeyd etdi ki, metro xəttləri çəkilməsi üçün ərazinin yeraltı quruluşu buna şərait yaratmalıdır:
“Metro xəttləri keçən ərazilərdən yeraltı qurunt suları, yeraltı çökmələr, böyük xəttli kommunikasiya, xətləri keçirsə, həmin ərazilərdə metro çəkilişi ciddi problemlər yaradır. Xırdalan şəhərinin ümumi əhali sayı qeydiyyatda olan əhalidən iki dəfəyə qədər daha çoxdur. Qısa müddət ərzində həmin əraziyə tələbat artdı və 100 minlərlə insan orada yaşamaq üçün axın etməyə başladı. Metro xəttlərinin çəkilməsi həmin ərazidə sıxlığın, tıxacın və insanların zaman itkisinin qarşısını ala bilər. Bu səbəbdən olması daha məqsədəuyğun olardı”.
Digər tərəfdən Sumqayıt və Xırdalan şəhərindən sürətli yerüstü qatar istifadəyə verildiyini xatırladan Elnur Fərzəliyev hesab edir ki, əgər metro xəttlərinin tikintisi baş tumasa sürət qatarının intervalını artırmaq olar:
“İnkişaf etmiş ölkələrin təcrübələrində təkcə yeraltı deyil, yerüstü metrolar olduğunu da görmüşük. Buna alternativ olaraq Bakı-Xırdalan-Sumqayıt qatarının gün ərzində gediş-gəliş intervalını çoxaltmaqla həmin ərazidə sıxlıq probleminin qarşısını ala bilərlər”.
Gülbəniz Hüseynli / Metbuat.az