9 Yanvar 2024 12:44
2023-cü ilin oktyabr ayından HƏMAS-la İsrail arasında münaqişə müharibə həddinə keçdi. Bir neçə gün bundan əvvəl İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Hagari açıqlamasında bildirdi ki, onlar HƏMAS-la danışıqlar aparmağa maraqlıdırlar və qısamüddətli də olsa “danışıqlar pəncərəsi" açıqdır. Hagarinin sözlərinə görə, əgər diplomatik üsullarla olmasa, İsrail xalqını silahla müdafiə edəcək gücə sahibdirlər.
Məsələyə münasibət bildirən politoloq Kənan Novruzov Metbuat.az-a bildirdi ki, dünənə qədər HƏMAS-ı məhv etməyi məqsəd bilən İsrail tərəfinin bu gün belə açıqlama verməsi planlaşdırılmış ssenarinin parçası kimi görünür.
“Məsələ “diplomatik pəncərə” nin açıq olmasında deyil, İsrail tərəfinin şərtlərinin təmin olunmasındadır. Bu kompromisə getməyə hazır olmaq demək deyil. İsrail istəyir ki, HƏMAS özünü qondarma rejim kimi buraxsın, könüllü təslim olsun. Düşünmürəm ki, bu formada ssenarilər reallaşa bilər. Belə addımlar adətən dövlətləri sülhpərvər göstərmək üçün edilən cəhdlərdən sayılır. Müharibə hələ uzun müddət davam edəcək. Birbaşa olmasa da, Livan ərazisindəki Hizbullah və digər tərəfdən husilər də müharibəyə qoşulublar. Artıq İranı da savaşa çəkməyə çalışırlar. Ehtimallarıma görə, yaxın vaxtlarda müharibənin miqyası daha da genişlənib, amansız forma ala bilər”.
İsrail – HƏMAS arasında müharibənin danışıqlar yolu ilə bitməsinin hələ tez olduğunu qeyd edən politoloq hesab edir ki, Yaxın Şərqdə davam edən gərgin vəziyyətə maraqlı olan dövlətlər var:
“Biz hazırda baş verən proseslərin hərbi siyasi nəticələrini görəcəyik. Yaxın Şərqdə gərginliyin durmadan artmasının əsas səbəbi bölgədə proksi müharibənin getməsidir. Tərəflər arasında yüksək təzyiqin inkişafında maraqlı olan ABŞ, Rusiya, Fransa, İran, Türkiyənin hər birinin öz maraqları var. Bu aktorlar əlinə düşən imkandan, fürsətdən istifadə etməyə çalışaraq proseslərə imzasını atır. Bu da vəziyyəti daha da mürəkkəbləşdirir”.
Gülbəniz Hüseynli / Metbuat.az