19 Yanvar 2024 15:36
"İnsan ömrü bir neçə mərhələdən və kəşflərdən ibarətdir. İnsan həyatı ilk başda itəatkarlıqla dünyaya göz açır. Valideynlərə və öz himayəçilərinə itaət. Daha sonra böyüdükcə dünyanı kəşf etməyə başlayır. Dünyanı kəşf etdikcə, daha çox azadlığa, müstəqilliyə can atır. Bir dönəm gəlir, müstəqillik hissi insanı yanlış qərarlar verməyə şövq edir. Dünya görüşünün az olduğu, həyat təcrübəsinin əksik qaldığı və ən gərgin dövrlərdən birisi isə insanın yeniyetməlik dövrüdür. Bu dövr bir insanda ortalama 11-18 yaş aralığında yaşanır. Yeniyetməlik dövründə insan daha çox özünü yox dünyanı dəyişmək xəyallarına qapılır. Məişət problemləri, ailə ilə anlaşılmazlıq, məktəb və sosial mühitdə yaşanan gərginliklər dünyanı daha yeni-yeni kəşf edən yeniyetmələr üçün çox ağır bir dönəmə çevrilir".
Metbuat.az xəbər verir ki,bu fikirləri psixoloq Mirkamil Kazımzadə son günlərdə bir neçə dəfə baş vermiş yetkinlik yaşına çatmamış bir neçə şəxsin evdən qaçması mövzusuna münasibət bildirərkən deyib.
Psixoloq qeyd edib ki, bu dönəmdə yeniyetmələrə itəatkarlıqla yanaşdığımızda onlar da insanlara qarşı daha çox qıcıqverici xüsusiyyətlər yaranmağa başlayır. Bu zaman onların cəmiyyətə inteqrasiyası və dünyanı kəşf etmə mərhələsi çətinləşir.
"Məsələ onları tamamən azad buraxmaq deyil, onlara yanaşma tərzimizdir. Biz yetişkinlər yeniyetmələrdən bəzən yetişkin kimi davranmalarını və düşünmlərini istəyirik. Lakin unuduruq ki, onların dünyası, inkişaf mərhələsi yetişkinlərdən çox fərqlidir. Bu fərqliliyi anladığımız zaman onlara qarşı təzyiqlərimiz, davranışlarımız da dəyişməyə başlayır. Biz onlara qarşı dəyişə bildiyimiz zaman onlar da bizlərə qarşı deyişilməyə başlayır. Unutmaq lazım deyil ki, hər bir insanın ilk öncə, qayğıya, anlayışa və diqqətə ehtiyacı var. Xüsusən də əgər qarşımızdakı insan dünyaya hələ yeni-yeni toxum səpməyə başlayan yeniyetmədirsə. Yeniyetməlik dövründə onların səhvlər etməməsi üçün onlara qarşı nə qədər çox basqıcı davranırıqsa, onların bir o qədər yetişkinlərə qarşı gəlmə instinkti böyüyür"
Mirkamil Kazımzadə onu da vurğulayıb ki, yeniyetməlik dövrünün ən çox ehtiyat duyduğu şey anlayışdır.
"Biz yetişkinler onların bizi anlamasını tələb edirik, halbuki, yetişkin olan tərəf bizik və biz onları daha çox anlamağa çalışmalıyıq. Burada problemin təkcə yeniyetməlik dövründən gəlmədiyini də vurğulamaq lazımdır. İnsan neçə yaşında olursa olsun, qərarları ani vermir. Bir yeniyetmənin xarakter xüsusiyyəti, dünyaya baxışı, doğulub boya başa çatdığı və böyüməyə davam etdiyi ailəsinə çox bağlıdır. Yetişkinlər yeniyetməlik dövrünün nə qədər çətin keçdiyini anlasa və anladıqlarını qarşı tərəfə hiss etdirməyə çalışsalar, yeniyetmələr bir o qədər uyumlu olmağa başlayarlar. Əks təqdirdə isə onlar bizlərdən bir o qədər çox qurtulmağa can atacaqlar".
Seyranə Quliyeva/Metbuat.az