29 Yanvar 2024 16:08
Son günlərin yumurtanın qiymətinin bahalaşması ilə bağlı məsələlərə aydınlıq gətirilib.
Bu barədə Metbuat.az-a açıqlama verən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, bahalaşmaya səbəb yoxdur:
“Marketlərdə yumurtanın ədədinin qiyməti 16 -17 qəpik civarında satılır. Ölkədə yumurta qıtlığı yoxdur. Hazırda yemin qiyməti də aşağıdır. Mən yaxın zamanlarda yumurtanın qiymətinin qalxması iddialarına şərait yaradacaq vəziyyət görmürəm”.
Yanvar ayına qədər 17 milyon ədəd yumurta ixrac edildiyini qeyd edən Asossasiya sədri vurğulayıb ki, ixracın qiymətlərə heç bir təsiri yoxdur:
“Bizim daxili bazarda yumurtaya gündəlik ehtiyacımız 3 milyon 600 min ədəddir. Biz isə 5 milyona yaxın yumurta istehsal edirdik. Tələbatdan artıq qalan yumurtanı isə xarici bazara çıxarmışıq. 10 milyondan artıq yumurta Rusiyaya, qalanı isə Yaxın Şərq ölkələrinə - İraqa, Küveytə, Qətərə və BƏƏ-yə göndərilib.
Hazırda kifayət qədər yemimiz də, yumurtamız da, istehsal üçün şəraitimiz də var. Qiymətlərin yüksəlməsi ilə bağlı narahatlığa heç bir əsas yoxdur”.
Metbuat.az