26 Fevral 2024 13:50
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstan seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib. Bildirilib ki, iti zəka sahibləri bu görüş üçün Gürcüstana yollanıblar.
Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda fevralın 27-dən martın 2-dək yoldaşlıq görüşündə iştirak edəcəklər. Razılaşmaya əsasən, şahmatçılar 5 turda mübarizə aparacaqlar.
Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq oyunu qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.