9 Fevral 2024 14:48
Azərbaycanın bütün əraziləri üzərində suverenliyini bərpa etməsindən və qanunsuz rejimin özünü buraxmasından sonra Ermənistan nümayəndə heyəti nəhayət, yeni reallıqla barışmalı və götürdüyü öhdəlikləri yerinə yetirməyə fokuslanmalıdır.
Metbuat.az xəbər verir ki, Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Ermənistan nümayəndə heyətinə cavab bəyanatında belə qeyd olunub.
Bəyanatda bildirilib ki, Azərbaycana qarşı təcavüzkar müharibəyə başlamağa görə tam məsuliyyət daşıyan və beynəlxalq hüququ, eləcə də ATƏT prinsiplərini pozaraq Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan başqalarına insan hüquqlarından, hüquq və tarixdən qaynaqlanan məsələlərdən mühazirə oxuya biləcək sonuncu ölkədir: “Azərbaycanın bütün ərazisi üzərində suverenliyini bərpa etməsi və Ermənistan tərəfindən keçmiş işğal altındakı ərazilərdə yaradılmış qanunsuz “Miki Maus” rejiminin özünü buraxmasından sonra Ermənistan nümayəndə heyəti nəhayət, yeni reallığı qəbul etməli və onunla barışmalı, bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanımaya və hörmətə əsaslanan dövlətlərarası əlaqələrin üç xətli normallaşması ilə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə fokuslanmalıdır”.
Bəyanatda o da vurğulanır ki, Ermənistan nümayəndə heyəti Qarabağın erməni sakinlərinin bölgəni tərk etməsinin arxasındakı real səbəbləri öz ölkələrinin 30 illik işğal siyasətlərində axtarmalıdır.
Bildirilib ki, Ermənistan rəsmiləri Qarabağın Ermənistana anneksiyası istəklərinə bəraət qazandırmaq məqsədilə açıq şəkildə Azərbaycana qarşı etnik uyğunsuzluq və nifrət ideyalarını təşviq ediblər. “Ermənistan nəhayət, anlamalıdır ki, yalnız suverenlik və ərazi bütövlüyünü qarşılıqlı tanımaya əsaslanan Azərbaycanla sülh və yaxşı qonşuluq münasibətləri regional təhlükəsizliyi təmin edə, etimad inşa edə və Azərbaycan ərazilərinin təxminən 30 illik işğalının nəticələrinin aradan qaldırılmasının, Ermənistandan çıxarılan azərbaycanlılar da daxil olmaqla bütün köçkünlərin təhlükəsiz və könüllü qayıdışının şərtlərini formalaşdıra bilər. Lakin Ermənistan nümayəndə heyətinin bugünkü bəyanatları Ermənistanın məhz bundan qorxduğunu göstərir”, - bəyanatda qeyd olunub.