METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın nefti bitir? -

6 Fevral 2024 17:25

Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin hasilatında bir neçə il əvvəl başlayan azalma davam edir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə xam neft hasilatı 2010-cu ildəki pik həddən – 50,9 milyon tondan aşağı düşməkdədir. 2023-cü ildə bu göstərici 30,2 milyon tona enib.

Bəs görəsən ötən 13 ildə neft ixracında özünü göstərən 40 faizlik azalma nə ilə bağlıdır?

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan neft sahəsi üzrə tanınmış ekspert İlham Şaban qeyd edib ki, hasilatın azalmasının səbəbi əlavə neft yataqlarının olmamasıdır.

Ekspert ixracla bağlı azalma tendensiyasının davam edəcəyini bildirib:

“Bu azalmanın birinci səbəbi odur ki, Azərbaycan özünün əlində olan ehtiyatlardan intensiv istifadə edir.

İkincisi Azərbaycanda müstəqillik illərində cəmi 1 neft yatağı açılıb. Bu 1998-ci ildə açılan “Qarabağ” yatağıdır. Ancaq bu yataq Xəzərin olduqca dərin hissəsindədir və onu effektiv formada istismara vermək mümkün olmadı. Bundan sonrakı dövrdə olacağı da bəlli deyil.

Çıxarılan neftin həcmi kompensasiya olunmursa təbii ki, azalmalıdır. Obrazlı dillə desək, bir vətəndaş ayda min manat xərcləməyə öyrəşir və bir müddət sonra o vəsait azalır.

Bizim alternativ neft yataqlarımız olmadığı üçün istehsal olunan neftin həcmi azalır və bu tendensiya belə də davam edəcək. Yeni kəşfiyyat işləri öz nəticəsini hələki verməyib”.

İlham Şaban yaxın gələcəkdə neftin öz əhəmiyyətini tədricən itirəcəyini də qeyd edib:

“Neft bundan sonra 200 il də çıxa bilər. 1952-ci ildən Neft Daşları istismardadır. İndiyə qədər 190 milyon tona yaxın neft hasil edilib. Ancaq hesab edilirdi ki, bu platformanın fəaliyyəti 80-ci ildə başa vuracaq. Amma ötən il Neft Daşlarında 1 milyon ton neft hasil olunub. Lakin zamanla yataq qocalır və xərcləri artır. Buna görə də bəzən neftin çıxarılması üçün tələb olunan xərc sərf eləmir. Necəki hazırda Dövlət Neft Şirkətinin bəzi qoca yataqlarında neftin 1 barrelinin çıxarılma xərci hətta 20 dollardan belə yuxarıdır. Hazırda satış qiymətləri onun çıxarılmasına imkan verir.

Bəs görəsən 2050-ci ildə neft öz qiymətini və əhəmiyyətini qoruyub saxlaya biləcəkmi? Tutaq ki, neftin bir bareli həmin dövrdə 40 dollardısa və neftin çıxarılması üçün tələb olunan xərc də təxminən bu qiymətdədirsə, onda istehsal etmək sərfəli olmayacaq. Hətta 2020-ci ildə Davosda “BP” neftin alışını inkişaf etmiş ölkələrin 2050-ci ildə öz istehlaklarında 0-a endirəcəklərini bildirib. Bu isə o deməkdir ki, 2050-ci ildə neft ehtiyatlarının 50 faizi elə yataqlarda qalacaq”.


metbuat.az.