METBUAT.AZ

Ölkə

Bakıda 5 milyona satılan mənzilin sirri açıldı -

2 Fevral 2024 09:48

Xəbər verdiyimiz kimi, Bakı şəhərində fantastik qiymətə təmirsiz mənzil satışa çıxarılıb. "Port Baku Residence"da yerləşən binanın sahəsi isə nə az, nə çox, 1050 kvadrat metrdir.

Metbuat.az xəbər verir ki, elan müzakirələrə zəmin yaradıb. Çoxları təmirsiz olduğu üçün bu mənzilin qiymətinin inanılmaz dərəcədə olduğunu iddia etsə də, obyektin yerləşdiyi yaşayış kompleksinin lüks yer olduğuna görə məbləğin normal olduğunu deyənlər də var.

Məsələnin nə yerdə olduğu barədə araşdıran zaman bəlli oldu ki, belə mənzillərin öz alıcıları var və məbləğin baha olması məkana olan tələbdən irəli gəlir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Yeni Sabah”a bildirib ki, belə binalar likvid sayılmır:

“Hazırda həmin mənzilin qiyməti 100 min də artaraq, 5 milyon 100 min manat olub. Bu 1050 kvadratlık sahənin qiymətidir. Ona görə də, təəccüblənməyə ehtiyac yoxdur. Çünki bir kvadrat metr üçün olan qiymət 5 min manat civarında müəyyənləşir. “Port Baku Residence”-də təmirli sahələrin bir kvadrat metri 6-7 min manat arası dəyişir. Böyük bir məbləğ olaraq gözə çarpsa da, ayrı-ayrı mənzillərə bölüb qiyməti hesablayanda torpaqda satılan mənzillərdən ucuz başa gəldiyini görmüş olarıq.

Bahalı mənzillərin alıcıları var. Lakin bunlar çoxsaylı deyil. Bu səbəbdən həmin obyektlər likvid (red - aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez satıla bilməsi) sayılmır. Adətən kiçik sahəli mənzillərin satışı daha asan başa gəlir. Böyük sahəli mənzillərə komfort axtarışında olan şəxslər üstünlük verir. Bu baxımdan sözügedən mənzillərin satış bazarı çox məhduddur. Bir çox hallarda həmin obyektlər birbaşa məlumat bazasına əlavə olunmur, əmlak saytları vasitəsilə satılmır. Rieltorlar öz aralarında belə sahələri axtaran şəxslərə tövsiyə edirlər. Beləliklə alqı-satqı prosesi ictimaiyyətə gizli qalır. Bu tip elanlar həmin qiymətdə olan mənzillərin aşkarda olan hissəsidir. Ancaq heç bilinməyən və daha yüksək qiyməti olan əmlak obyektləri də mövcuddur.

Hazırda Azərbaycandakı daşınmaz əmlak bazarını analiz edəndə qiymətlərin hər an yüksəldiyini görmək mümkündür. Adətən çox inkişaf edən ölkələrdə daşınmaz əmlakın dəyəri yüksək olur. Bu baxımdan artıq həmin tendensiyaya alışmaq lazımdır. Doğrudan da, ölkədə daşınmaz əmlak əldə etmək çox ciddi maliyyə imkanlarına malik olmağı tələb edir. Bakı şəhərində əhalinin və obyektlərin sayının günü-gündən çoxalması bu bahalığa bir az da şərait yaratmış olur. Əgər hər hansı fövqəladə hal yaşanmazsa, bahalaşma yenə də davam edəcək. Dünyadakı maliyyə böhranı da bu prosesə öz təsirini göstərir”.

Əmlak eksperti Elnur Azadov isə məsələyə belə münasibət bildirib:

“Mənzillərin qiyməti təlabatdan asılı olaraq dəyişir və formalaşır. Həmin yaşayış kompleksində belə yüksək qiymətin olması da oraya olan tələblə bağlıdır. Doğrudur, bu qiymətin bir az yuxarı həddidir. Ancaq nəzərə almaq lazımdır ki, sözügedən kompleksdə obyekt almaq istəyənlərin sayı son vaxtlar artıb. Bu məkanda dəniz mənzərəli mənzil tapmaq müşkülə çevrilib. Bəlkə elə bu səbəbdən həmin obyektin qiymətinə də məhz bu detallar təsir göstərir. Adətən, nadir tapıntı kimi qiymətləndirilən mənzillər sözügedən məbləğdə alıcılara təqdim olunur.

Burada qeyri-adi bir hal görmürəm. Əgər 8-ci kilometr qəsəbəsindəki mənzillərin 1 kvadrat metrinin satış qiymətinin 20 ildə 10 dəfə artaraq 2 min manata çatdığını nəzərə alsaq, A klass yaşayış kompleksində belə bir məbləğdə mənzilin satışa çıxarılması normaldır”.


metbuat.az.