METBUAT.AZ

İqtisadiyyat

Banklarda depozit faizləri artıb -

5 Fevral 2024 12:44

"Mərkəzi Bankın notlarının faiz dərəcələrində kəskin azalmalar qeydə alınıb".

Metbuat.az xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, belə ki, ötən ilin avqustunda 8.29 faizə təklif edilən 28 günlük notlar üzrə son faiz dərəcəsi indi 6.60 faizə enib:

"Həmin müddətdə 84 günlük notlar 8.60 faizdən 6.65 faizə, 168 günlük notlar üzrə son faiz dərəcəsi isə 8.71-dən 6.71-ə enib. 252 günlük notlar üzrə son faiz dərəcəsi isə 9.18 faizdən 6.72 faizədək azalıb. Göründüyü kimi, Mərkəzi Bankın bütün notlarında gəlirlik səviyyəsi aşağı düşüb".

Deputat qeyd edib ki, faizlərin azalmasının bir sıra səbəbləri var:

"Əvəlla, Mərkəzi Bankın yüksək faizli notları digər dövlət qiymətli kağızlarını, praktik oaraq, “sıxışdırırdı”. O birbaşa digər dövlət qiymətli kağızlarında da faiz artımlarına getməyi stimullaşdırmışdı. Bu isə qiymətli kağızlar bazarında daha yüksək faizli borclanma demək idi”.

V.Bayramov qeyd edib ki, Mərkəzi Bank uçot faiz dərəcəsini azaltdıqdan sonra notlarda faizlərin aşağı düşməsi gözlənilən idi. Praktik olaraq, hazırda uçot faiz dərəcəsinin ən çox və bəlkə də hələlik yeganə birbaşa təsir etdiyi istiqamət məhz notların faiz dərəcəsidir.

Üçüncüsü, yüksək faizli notlar ilə Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini cəlb edə bildi və bununla da maliyyə qurumlarında əlavə resurslara tələb yaratdı.

“Nəhayət, digər dövlət qiymətli kağızlarına nisbətən və bəzən xeyili aşağı faizlərin ödəndiyi ekosistemdə Mərkəzi Bank bahalı notları uzun müddət sektorda saxlaya bilməyəcəyi bəlli idi. Bütün bunlarla yanaşı, Mərkəzi Bankın yüksək faizli notları nəinki banklar, hətta bir sıra digər qurumlar üçün əlavə gəlir imkanları yaratdı".

Millət vəkili vurğulayıb ki, digər mühüm və eləcə də maraqlı məqamlardan biri də Mərkəzi Bankın uçot və eləcə də notlar üzrə son faiz dərəcəsinin aşağı düşməsinə rəğmən banklarda depozit faizlərinin artmasıdır:

“Mərkəzi Bankdakı azalma qərarları bank sektorunda əks istiqamətdə faiz dəyişiklikləri ilə müşahidə olunmaqdadır".


metbuat.az.