METBUAT.AZ

Siyasət

"Biz çox xoşbəxt xalqıq ki, belə gəncliyimiz var” -

3 Fevral 2024 14:13

“Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi dövründə vətənpərvərlik tərbiyəsini, onlara göstərən bu etimadı şərəflə doğrultdular. Onlar bütün dünyaya ustad dərsi keçərək torpaq sevgisini, ustad canından keçməyin nə demək olduğunu nümayiş etdirdilər. Biz çox xoşbəxt xalqıq ki belə gəncliyimiz var”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, millət vəkili Vüqar İskəndərov deyib. Deputat bildirib ki, Azərbaycan nadir ölkələrdən biridir ki, gənclər siyasətinə, onun inkişafına bu qədər önəm verir:

“Ulu öndərin hakimiyyətə gəlişindən sonra ilk yaradılan nazirlik Gənclər və İdman Nazirliyi oldu. Azərbaycandan iki il sonra BMT Beynəlxalq Gənclər Gününü təsis etdi. Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində gənclərin hərtərəfli inkişafı, sosial sahədə dəstəklənməsi, dövlət və digər vəzifələrə irəli çəkilməsi, vətənpərvərlik, vətəndaş tərbiyəsinin yüksəldilməsi üçün çox böyük işlər görüldü. Bu amala xidmət edən bir sıra fondların yaradılması gənclərin məşğulluq imkanlarına stimul olmaqla bərabər onların xaricdə təhsil almaq imkanlarını reallaşdırmaq üçün böyük şərait yaratdı”.

Vüqar İskəndərov qeyd edib ki, hazırda ölkədə gənclər üçün meydan açıqdır. Bu fikirlərini əsaslandıran millət vəkili sadaladı ki, ölkədə bir çox önəmli vəzifələrə gənclərin təyin edilməsi onlara dövlət dəstəyinin əyani sübutudur:

“Gənclər dünyadakı yeni çağırışların ölkəmizdə tətbiq sahəsində aktiv olmalı, milli-mənəvi dəyərlərimizi qorumaq yolunda mütərəqqi adddımlar atmalıdırlar. Eyni zamanda dünyada baş verən hadisələri yaxşı analiz etməklə ölkəmizin inkişafı üçün öz töhfələrini verməlidirlər”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.