METBUAT.AZ

Qarabağ

Bu gün Azərbaycan dövləti qalibdir -

26 Fevral 2024 11:22

"Xocalı soyqırımını unutmadıq və unutmayacağıq. Bu il Xocalı faciəsinin törədilməsinin 32 -ci ili tamam oldu. Xocalı faciəsi son 200 ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların ən ağır faciəsi idi. Ermənilər bir gecə ərzində 613 nəfəri vəhşicəsinə qətlə yetirmişdir. Soyqırıma məruz qalmış azərbaycanlılar arasında qadınlar, qocalar və uşaqlar da olmuşdur. O cümlədən 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi bu gün də naməlum olaraq qalmaqdadır. Ermənilər azərbaycanlılara qarşı olan nifrətini qətlə yetirilmiş meyitlərə işgəncələr verməklə nümayiş etdirmişdir. Bəşər tarixində soyqırımlar çox olub. Amma ölüləri təhqir etmək və işgəncələrə məruz saxlamaq kimi bir alçaqlıq ancaq ermənilər tərəfindən edilib".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, ermənilər tarixən azərbaycanlılara qarşı düşmənçiliyi öz içində gəzdiriblər.

"Hətta sovetlər dövründə birgə yaşadığımız vaxtda biz erməniləri özümüzə qardaş hesab etdiyimiz zaman ermənilər İrəvanın mərkəzində ucaldılmış saxta soyqırım abidəsinə uşaqları aparıb qulağından tutataq, onların düşməninin türk olduğunu deyirdi. Biz isə dostluqdan, qardaşlıqdan danışırdıq. Ermənilər öz çirkin niyyətlərini üzə çıxartmaq üçün sadəcə fürsət axtarırdılar. Belə bir fürsəti də 80-cı illərin sonunda 90-cı illərin əvvəlində əldə etdilər. Hətta 366-cı motoatıcı alayın dəstəyi ilə Qarabağada soyqırımlar törətməyə başladılar. Ən böyük faciə isə Xocalıda törədilən soyqırımdır. Bütün dünya ermənilərin vəhşiliyini bilməlidir. Biz çalışmalıyıq ki, erməninin əsil xislətini dünyaya çatdıraq. Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən Xocalıya ədalət kampaniyası dünyanın müxtəlif ölkələrində bu faciəni tanıtmağımıza imkan verib. Belə ki, ABŞ-ın 30 ştatında və dünyanın bir çox ölkələrinin parlamentlərində Xocalı soyqırımı ilə bağlı sənədlər qəbul olunmuşdur. Amma bu kampaniya davam etdirməli və bütün dünyaya Xocalı soyqırımının baiskarlarını tanıtmalıyıq. Çünki, Xocalı soyqırımı müasir dünyada baş vermiş hərbi cinayətdir. Bu cinayət hadisəsi video və foto faktlarla qeydə alınmışdır. Əlimizdəki faktlar ermənilərin vəhşi və cinayətkar obrazını dünyada tanıtmağımız üçün əlimizdə əsil vasitələrdir. O faktlara baxan heç kim faciəyə öz münasibətini bildirmədən üzərindən sakitcə ötüb keçə bilməz".

Azər Badamov qeyd edib ki, 3.5 il əvvəl Ali Baş Komandanın rəhbərliyi altılnda Müzəffər Ordumuz yeni bir tarix yazdı.

"Bu gün Azərbaycan dövləti qalibdir. Bu yeni tarix erməni faşizmini məhv edilərək torpaqlarımızı işğaldan azad etməklə şanlı səhifəmiz oldu. 19-20 sentyabr 2023-cü ildə keçirilən lokal xaraterli antiterror tədbirlərimizlə Qarabağda yuva salmış erməni separatizminin kökünü kəsməklə xalqımız ərazilərimizi erməni faşistlərdən təmizləmiş oldu. 15 oktyabrda Prezident İlham Əliyev Xocalıda dövlət bayrağımızı dalğalandırmaqla Xocalı soyqırımı şəhidlərinin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycanın bütün ərazilərində suverənlik təmin edilib. Biz çalışmalıyıq ki, Xocalı soyqırımın səbəbkarlarını beynəlxalq məhkəmələr qarşısına çıxardaq. Çalışmalıyıq ki, onlar törətdikləri əməllərinə görə layiqli cəzalarını alsınlar. Bunun üçün kifayət qədər materiallarımız var və bu faktlara əsasən beynəlxalq məhkəmələrə müraciət edilərək, cinayətkarların öz cəzalarını alacağına inanıram. Bu gün Xocalı işğaldan azad olunub və separatçılardan təmizlənməsinə baxmayaraq xalqımız Xocalı faciəsini böyük ürək ağrısı ilə qeyd edir. Biz xalqımıza qarşı törədilmiş faciələri heç vaxt unutmamalıyıq. Azərbaycan dövləti durduqca xalqımız qələbə günlərimizlə yanaşı soyqırım tarixlərini də qeyd edəcək. Bu bizim tariximizdir və tarixin unudulması yeni faciələrin baş verməsinə yol açacaq. Ona görə də düşmənlərin bizə qarşı törətdiyi cinayətləri tariximizdə yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Allah şəhidlərimizə rəhmət eləsin".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.